×
A
A
A
Sazlamalar

Dadaş Məmmədov: İncəsənət protokolsuz ünsiyyətə imkan yaradır və mədəniyyətləri yaxınlaşdırır

Bakı, 19 noyabr, AZƏRTAC

“Fərqli Azərbaycan” sərgisinin ideyası şəxsi müşahidələrim əsasında yaranıb. Səfirlərlə ünsiyyət zamanı onların bir çoxunun təkcə ölkəmizə maraq göstərmədiyini, həm də fotoqrafiya ilə məşğul olduğunu müşahidə edirdim. Onları vahid layihə ətrafında birləşdirmək və hər birinə öz çəkdiyi fotolar vasitəsilə Azərbaycan haqqında danışmaq imkanı vermək istədim. Beləliklə, sərgi “MicroFest 2026”nın bir hissəsinə çevrildi.
Bunu “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib. Onun sözlərinə görə, məqsədi iyirmidən çox səfiri bir salonda toplamaq, onları yalnız diplomat kimi deyil, həm də Azərbaycan haqqında öz baxışlarını bölüşən müəlliflər kimi təqdim etmək olub.
“MicroFest 2026”nın ideyası da məhz bundan ibarətdir: kiçik yaradıcılıq formatları vasitəsilə böyük hekayələr danışmaq. Bəzən bütöv bir hekayəni, emosiyanı və ya insanın ölkəyə münasibətini çatdırmaq üçün bir fotoşəkil kifayət edir”, – deyə müsahibimiz qeyd edib.
Sərgi üçün yalnız səfirlərin çəkdikləri fotoların seçilməsinin səbəbini izah edən D.Məmmədov vurğulayıb ki, təşkilatçılar üçün onların Azərbaycanı şəxsi baxış bucağından necə qavradıqlarını göstərmək vacib idi. Söhbət rəsmi baxışdan və ya ənənəvi turizm fotolarından deyil, hər bir müəllifin diqqətini həqiqətən cəlb edən və ona ilham verən məqamlardan gedir.
“Hər kəsin öz hekayəsi, mədəni təcrübəsi və qavrayışı var. Sərgini maraqlı edən də məhz bu müxtəliflikdir. İncəsənət protokol qaydalarına, rəsmi çıxışlara, bəzən isə hətta sözlərə ehtiyac olmadan ünsiyyət qurmağa imkan verir. Mən mədəni diplomatiyanın xüsusi dəyərini məhz bunda görürəm. İyirmidən çox ölkənin nümayəndəsi öz yaradıcılığını bölüşmək üçün bir araya gəldikdə, sərgi ünsiyyət, qarşılıqlı maraq və mədəniyyətlərin yaxınlaşması üçün məkana çevrilir”, – deyə D.Məmmədov fikrini yekunlaşdırıb.

Müxbir – Günel Alıyeva
Fotoqraf – Azər İbrahimov

Mədəniyyət 2026-11-19 20:43:00