


Aİ Böyük Britaniyadan “Brexit”lə bağlı mövqeyini dəqiqləşdirməyi tələb edir
London, 19 noyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Böyük Britaniya hökumətindən “Brexit”lə bağlı uzunmüddətli strategiyasını müəyyənləşdirməyi tələb edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Guardian” qəzeti avropalı diplomatlara istinadla məlumat yayıb. Məlumata görə, London öz mövqeyini dəqiqləşdirməyənədək tərəflər arasında münasibətlərin gələcəyinə dair yeni danışıqların aparılmayacağı bildirilir.
Xəbərdə qeyd olunub ki, Aİ üzvü olan dövlətlər Böyük Britaniya ilə münasibətlərin mərhələli şəkildə yenidən qurulmasına yönəlmiş sammitlərin davam etdirilməsini istəmir. Brüssel Londonun “Brexit” qərarını geri çevirmək, yoxsa mövcud razılaşmalar çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu aydınlaşdırmasını gözləyir. Aİ diplomatlarından biri qəzetə açıqlamasında bildirib ki, hazırda ən vacib məsələ Böyük Britaniyanın mövqeyində aydınlığın olmasıdır. Onun sözlərinə görə, London əvvəlcə nə istədiyini və hansı seçimlərə malik olduğunu müəyyənləşdirməli, yalnız bundan sonra danışıqlar masasına qayıtmalıdır.
Bu xəbərdarlıq Baş nazir Endi Börnhemin noyabrın 20-də keçiriləcək Aİ sammitinə hazırlıq gördüyü vaxt səsləndirilib. Sammit çərçivəsində ərzaq, enerji və gənclərin mobilliyi sahələrində yeni razılaşmaların əldə olunacağı gözlənilir. Endi Börnhem daha əvvəl mövcud “Brexit” razılaşmasının Böyük Britaniya üçün qənaətbəxş olmadığını bildirib və ölkəsinin gələcəkdə yenidən Avropa İttifaqına üzv olacağına ümid etdiyini ifadə edib. Lakin Aİ üzvləri gələcək danışıqların yalnız Londonun hərtərəfli strategiya təqdim etməsindən sonra mümkün olacağını vurğulayırlar.