×
A
A
A
Sazlamalar

Nazir: “Made in EU” strategiyası Türkiyə-Aİ əlaqələrinə xələl gətirir

Antalya, 19 noyabr, AZƏRTAC
Avropa İttifaqından (Aİ) güzəştli münasibət deyil, 30 illik Gömrük İttifaqından irəli gələn hüquqların tanınmasını və Türkiyənin unikal mövqeyinə hörmətlə yanaşılmasını gözləyirik.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin ticarət naziri Ömər Bolat Berlində keçirilən “2-ci Türk-Alman Avtomobil Zirvəsi”ndə çıxışı zamanı səsləndirib.
Qlobal miqyasda proteksionizm tendensiyalarının artdığı bir dövrdə Türkiyə-Aİ əlaqələrinin əhəmiyyətinin daha da artdığını vurğulayan nazir “Made in EU” strategiyasını tənqid edib. Onun sözlərinə görə, Avropa İttifaqının sənaye bazasını yenidən canlandırmaq, xarici tədarükçülərdən strateji asılılığı azaltmaq və yaşıl keçidi sürətləndirmək məqsədilə hazırlanan Aİ-nin proteksionist sənaye siyasəti “hazırkı vəziyyətdə Türkiyə ilə Gömrük İttifaqının qaydalarını pozan təsirə malikdir”.
“Sözügedən ssenari növbəti dörd il ərzində Aİ-yə avtomobil ixracımızın 53 faiz, 2035-ci ilə qədər isə 68 faiz azalmasına səbəb ola bilər. Belə bir vəziyyətdə hər iki tərəf ciddi iqtisadi xərclərlə üzləşəcək, qiymət artımı inflyasiyaya təkan verəcək və təchizat zəncirləri pozulacaq”, - deyə Ö.Bolat bildirib.
Nazir əlavə edib ki, 2035-ci ilə qədər Türkiyədə təxminən 330 min iş yeri və 20 milyard avro dəyərində avtomobil ixracı risk altında olacaq. Eynən, Aİ tərəfində təxminən 250 min iş yeri və 21 milyard avro dəyərində Aİ avtomobil ixracı dəyərində biznes təhlükə altında qalacaq.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya

Dünya 2026-11-19 20:25:00