


Tbilisi Dövlət Universiteti ilə ADAU arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Gəncə, 19 noyabr, AZƏRTAC
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə onlayn görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə hər iki universitetin aidiyyəti fakültələrinin nümayəndələri iştirak ediblər. Tərəflər təmsil etdikləri fakültələrin fəaliyyət istiqamətləri, tədris və elmi-tədqiqat təcrübələri, eləcə də mövcud akademik imkanları barədə məlumat verərək qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
Müzakirələr zamanı universitetlər arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsi, müəllim və tələbə mübadiləsinin təşviqi, birgə elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi, beynəlxalq layihələrdə tərəfdaşlıq və digər mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Görüşün əsas məqsədi hər iki ali təhsil müəssisəsinin akademik potensialını bir araya gətirmək, mövcud təcrübədən qarşılıqlı faydalanmaq və gələcək əməkdaşlıq üçün yeni imkanları müəyyənləşdirmək olub.
Tərəflər universitetlərarası əlaqələrin inkişaf etdirilməsinin, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinin hər iki ali təhsil müəssisəsi üçün əhəmiyyətini vurğulayıblar.
Müxbir - Elcan Məmmədov