


Prezident Kitabxanasında “Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı keçirilib
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, həkim və yazıçı Zərifə Quliyevanın şəhid və qazilərimizin qəhrəmanlığına həsr etdiyi “Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, noyabrın 18-də təşkil olunan tədbirdə Milli Məclisin deputatları, elm, mədəniyyət və ictimaiyyət nümayəndələri, ziyalılar və qonaqlar iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Vətənimizin qəhrəmanlıq tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Təqdimat mərasimində Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Prezident Kitabxanasının direktorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, Milli Məclisin deputatları Vüqar İskəndərov və Ülviyyə Həmzəyeva, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, modelyer-rəssam Fəxriyyə Xələfova, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış ediblər.
Çıxışçılar “Qəhrəmanlıq Zirvəsi” kitabının tarixi və mənəvi əhəmiyyətindən danışaraq, əsərdə Vətən uğrunda fədakarlıq göstərən insanların həyat və döyüş yoluna göstərilən həssas münasibəti yüksək qiymətləndiriblər. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, qazilərimizin qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılması milli yaddaşımızın qorunması və gənclərin vətənpərvərlik ruhunda yetişməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən kitabın müəllifi Zərifə Quliyeva Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin milli birlik, qəhrəmanlıq və Vətənə sədaqət salnaməsi olduğunu vurğulayıb. O, şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılmasını, qazilərimizin keçdiyi şərəfli döyüş yolunun qələmə alınmasını hər bir yaradıcı insanın mənəvi məsuliyyəti kimi dəyərləndirib. Müəllif qeyd edib ki, “Qəhrəmanlıq Zirvəsi” Vətən uğrunda göstərilən fədakarlığa ehtiramın, qəhrəmanlarımızın xatirəsinə sonsuz minnətdarlığın ifadəsidir.
Təqdimat zamanı kitabın Azərbaycan xalqının qəhrəmanlıq tarixinin təbliğinə, milli-mənəvi dəyərlərin yaşadılmasına və gənc nəslin vətənpərvərlik tərbiyəsinə verdiyi töhfələr xüsusi vurğulanıb.
Tədbir iştirakçıları belə əsərlərin tarixi yaddaşın qorunması və qəhrəmanlıq ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd ediblər.