


Professor: Texnoloji tərəqqi ənənəvi fəlsəfi yanaşmalara yenidən baxılmasını zəruri edir
Bakı, 19 noyabr, AZƏRTAC
Hər il noyabrın üçüncü cümə axşamı Dünya Fəlsəfə Günü qeyd olunur. Bu gün fəlsəfi düşüncənin cəmiyyətdəki rolunu, insanın idrak imkanlarını, mənəvi dəyərlərin və dünyagörüşünün formalaşmasında fəlsəfənin əhəmiyyətini bir daha diqqətə çatdırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə bildirib. Professor qeyd edib ki, fəlsəfə insanın dünyanı, özünü və mövcudluğun fundamental əsaslarını anlamaq cəhdlərini ifadə edən çoxşaxəli bilik sahəsidir. Onun digər elmi istiqamətlərdən əsas fərqi elmi nəticələri ümumbəşəri dəyərlər, mənəvi prinsiplər və insanlığın inkişaf perspektivləri ilə əlaqələndirməsidir. Müasir dövrdə texnologiyaların sürətli inkişafı fəlsəfə qarşısında yeni nəzəri və metodoloji problemlər yaradır. Texnoloji tərəqqinin yaratdığı imkanlar və ziddiyyətlər ənənəvi fəlsəfi yanaşmalara yenidən baxılmasını zəruri edir. Eyni zamanda, insanın gələcəyə dair gözləntiləri, ümidləri və cəmiyyətdə baş verən dəyişikliklərin mahiyyətinin dərk olunması fəlsəfi düşüncə ilə sıx bağlıdır.
Müsahibimizin sözlərinə görə, hər bir ölkədə fəlsəfənin inkişafı ümumbəşəri elmi biliklərin milli tarix, mədəniyyət və ictimai reallıqlarla uzlaşdırılmasını tələb edir. Bu baxımdan filosofların üzərinə mühüm intellektual vəzifələr düşür. Onlar qlobal fəlsəfi tendensiyaları təhlil etməklə yanaşı, milli düşüncə ənənələrinin müasir elmi və ictimai proseslər kontekstində inkişafına da töhfə verməlidirlər. Müasir Azərbaycanda fəlsəfi tədqiqatların süni intellekt fəlsəfəsi, elm fəlsəfəsi və tətbiqi fəlsəfə kimi istiqamətləri getdikcə aktuallaşır. Bununla yanaşı, fəlsəfə tarixinin tədqiqi də öz əhəmiyyətini qoruyur. Çünki fəlsəfə tarixinin nəzəri irsi müasir elmi problemlərin dərk edilməsi üçün mühüm metodoloji zəmin yaradır, müasir fəlsəfi təhlillər isə keçmiş düşüncə sistemlərinə yeni baxış imkanları açır.
İnstitut direktoru diqqətə çatdırıb ki, fəlsəfi araşdırmaların aktual istiqamətlərindən biri də şüur fəlsəfəsidir. Şüur, yaddaş, idrak və elmi bilik məsələlərinin kompleks şəkildə öyrənilməsi insanın təfəkkür imkanlarının, elmi yaradıcılığının və dünyanı dərketmə mexanizmlərinin daha dərindən araşdırılmasına şərait yaradır. Bu məsələlər yalnız fərdi idrak fəaliyyəti baxımından deyil, həm də elmi biliyin yaranması, qorunması və inkişafı kontekstində böyük əhəmiyyət daşıyır.
“Bu il də Azərbaycan filosofları beynəlxalq və respublika səviyyəli elmi müzakirələrdə iştirak edərək müasir fəlsəfənin aktual problemlərini diqqət mərkəzində saxlayırlar. Bu baxımdan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda keçiriləcək elmi konfrans xüsusi əhəmiyyət kəsb edir. Konfransda yerli alimlərlə yanaşı, Avropadan dəvət olunmuş filosofların iştirakı nəzərdə tutulur. Tədbir çərçivəsində müasir fəlsəfi yanaşmaların müqayisəli təhlili, elmi əməkdaşlığın genişləndirilməsi və Azərbaycan fəlsəfi fikrinin beynəlxalq elmi mühitdə mövqeyinin möhkəmləndirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır”, - deyə direktor qeyd edib. O vurğulayıb ki, müzakirələrin mühüm istiqamətlərindən biri Azərbaycan fəlsəfəsinin dünya fəlsəfi məktəbləri ilə qarşılıqlı əlaqəsi və bu prosesdə intellektual müstəqilliyin qorunmasıdır. Fəlsəfi suverenlik dünya fəlsəfi proseslərindən təcrid olunmaq deyil, əksinə, qlobal elmi və nəzəri fikirlə qarşılıqlı əlaqədə milli düşüncənin özünəməxsusluğunu və müstəqil mövqeyini qorumaq deməkdir. Texnologiyaların sürətlə inkişaf etdiyi indiki şəraitdə düşüncə suverenliyinin qorunması xüsusi aktuallıq daşıyır. Süni intellekt və rəqəmsal texnologiyalar yalnız elmi-texniki tərəqqiyə deyil, həm də insanın dünyagörüşünə, idrak fəaliyyətinə və sosial münasibətlərinə təsir göstərir. Buna görə də texnoloji yeniliklərin mənəvi-etik aspektlərinin araşdırılması, elmi biliklərin tənqidi təhlili və milli fəlsəfi düşüncənin müstəqilliyinin qorunması mühüm vəzifələrdəndir. Müasir Azərbaycan fəlsəfəsinin qarşısında duran başlıca vəzifələrdən biri ümumbəşəri elmi-fəlsəfi nailiyyətlərlə milli düşüncə ənənələri arasında səmərəli əlaqə yaratmaq, fəlsəfi tədqiqatların yeni istiqamətlərini inkişaf etdirmək və intellektual müstəqilliyi qorumaqdır.
Müxbir - Tünzalə Arazlı