×
A
A
A
Sazlamalar

Peruda “El-Ninyo” təhlükəsinə görə yanacaq təchizatı sahəsində fövqəladə vəziyyət elan edilib

Bakı, 19 noyabr, AZƏRTAC

Peru hökuməti “El-Ninyo” iqlim fenomeninin karbohidrogen sektorunda yarada biləcəyi mümkün fasilələrin qarşısını almaq məqsədilə ölkə üzrə yanacaq təchizatı zəncirində fövqəladə vəziyyət elan edib.
AZƏRTAC “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Perunun Energetika və Mədən Sənayesi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu addım kəskin hava şəraitinin mümkün təsirlərinə baxmayaraq, ölkə daxilində fasiləsiz yanacaq təminatını həyata keçirmək üçün vaxtında tədbirlər görülməsinə xidmət edir. Fövqəladə rejim emal, neftayırma, saxlanma və satış da daxil olmaqla bütün karbohidrogen təchizatı zəncirini əhatə edir. Qərarda leysan yağışların, daşqınların, sel və torpaq sürüşmələrinin ölkənin müxtəlif bölgələrində sektorun strateji infrastrukturuna təsir göstərə biləcəyi nəzərə alınıb.
Qeyd olunub ki, tədbirlər nəqliyyat, istehsalat, ticarət və elektrik enerjisi təchizatı kimi zəruri ictimai xidmətlərdə yarana biləcək problemlərin önlənməsinə yönəlib. Nazirliyin məlumatına görə, xam neft, təbii qaz, maye yanacaq və mayeləşdirilmiş neft qazı daxil olmaqla karbohidrogenlər Perunun milli enerji balansının 67 faizini təşkil edir.
Rəsmi “El Peruano” qəzetində dərc olunan fövqəladə vəziyyət qərarı dərc edildiyi gündən sonrakı gün qüvvəyə minir və səkkiz aya qədər qüvvədə qalacaq. Vəziyyətin qiymətləndirilməsi və zəruri tədbirlərin müəyyənləşdirilməsi Perunun Energetika və Mədən Sənayesi İnvestisiyalarına Nəzarət İdarəsinə həvalə edilib.

Dünya 2026-11-19 07:18:00