


Honduras hakimiyyəti 12 nəfərin qətlindən sonra ölkənin şimalına xüsusi təyinatlı bölmələr yeridir
Bakı, 19 noyabr, AZƏRTAC
Honduras hakimiyyəti ölkənin şimalındakı Yoro departamentində 12 nəfərin qətlə yetirilməsindən sonra bölgəyə dərhal xüsusi təyinatlı bölmələrin yeridilməsi barədə göstəriş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Honduras Prezidenti Administrasiyası məlumat yayıb.
“Milli Müdafiə və Təhlükəsizlik Şurasının təcili iclasının yekunlarına əsasən, Yoro bələdiyyələri və ətraf rayonlar yüksək riskli ərazi elan edilib, cinayətkar strukturlarla mübarizə aparmaq üçün xüsusi təyinatlı bölmələrin dərhal dislokasiyası barədə əmr verilib”, – deyə “X” sosial şəbəkəsində dərc olunan bəyanatda bildirilir.
Prezident administrasiyası, həmçinin “İblis karteli” cinayətkar qruplaşmasının rəhbəri Esteban Qumersindo Ferrera Rodasın tutulmasına kömək edəcək məlumata görə mükafatın məbləğinin 5 milyon lempiraya (təxminən 190 min dollar) qədər artırıldığını vurğulayıb. Hökumət qətliam qurbanlarının ailələrinə başsağlığı verərək, təqsirkarların qanunun bütün sərtliyi ilə cəzalandırılacağını bəyan edib.
Xatırladaq ki, bundan əvvəl yerli “La Prensa” qəzeti Yoro departamentində iki silahlı hücum nəticəsində 12 nəfərin öldürüldüyünü yazmışdı. Yorito bələdiyyəsinin El-Pakayal qəsəbəsində naməlum şəxslər bələdiyyə şurasının üzvü Yolanda Olveranı, onun həyat yoldaşını, dörd yaşlı qızını və daha bir bələdiyyə əməkdaşını güllələyiblər. Daha səkkiz nəfər isə Vallesilyo qəsəbəsinə gecə saatlarında edilən hücum nəticəsində həyatını itirib.