×
A
A
A
Sazlamalar

NASA-nın “Voyager 1” zondu tarixdə ilk dəfə Yerdən bir işıq günü məsafəyədək uzaqlaşıb

Bakı, 19 noyabr, AZƏRTAC

NASA-nın 1977-ci ildə kosmosa buraxdığı “Voyager 1” kosmik zondu tarixdə ilk dəfə olaraq Yerdən bir işıq günü - təxminən 25,7 milyard kilometrdən (16 milyard mildən) çox məsafəyə uzaqlaşaraq bəşəriyyətin yaratdığı ən uzaq obyekt kimi yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “CBS News” NASA-nın Reaktiv Hərəkət Laboratoriyasına (JPL) istinadən məlumat yayıb.
Saatda təxminən 61 min kilometr sürətlə ulduzlararası fəzada hərəkət edən zonddan saniyədə 300 min kilometr sürətlə yayılan radio siqnalların Yerə çatması üçün artıq tam 24 saat vaxt tələb olunur. Bu o deməkdir ki, uçuş mərkəzindən aparata göndərilən hər hansı əmrə cavab almaq üçün mütəxəssislər iki gün gözləməli olurlar.
Nüvə enerji blokundakı “plutonium-238” ehtiyatının tədricən tükənməsi səbəbindən hazırda “Voyager 1”in 10 elmi cihazından yalnız ikisi — maqnit sahəsi və plazma dalğalarını ölçən alətlər işlək vəziyyətdədir. Mühəndislər enerjiyə qənaət edərək aparatın daha bir neçə il məlumat ötürməsini təmin etməyə çalışırlar.
Qeyd edək ki, 2012-ci ildə Günəş sisteminin hüdudlarını tərk edən “Voyager 1” və onun 2018-ci ildə ulduzlararası fəzaya çıxan əkiz qardaşı “Voyager 2” göyərtələrində Yerin səsləri, musiqiləri, fotoları və 55 dildə salamlaşma mesajlarının yer aldığı qızıl fonoqraf valı daşıyırlar. Alimlərin hesablamalarına görə, enerjisi tam tükəndikdən sonra belə “Voyager 1” milyard ildən artıq müddətdə qalaktikada səyahətini davam etdirəcək.

Dünya 2026-11-19 04:43:00