×
A
A
A
Sazlamalar

Azərbaycanın dörd boksçusu U-23 Avropa çempionatında növbəti mərhələyə yüksəlib

Bakı, 18 noyabr, AZƏRTAC

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 4 idmançısının hər biri mərhələ adlayıb.
Bilalhəbaşi Nəzərovun (50 kiloqram) rəqibi Katalin Turkunun (Moldova) çəkisi artıq olduğu üçün döyüşə buraxılmayıb və boksçumuz qalib elan edilib. İkiqat Avropa çempionumuz 1/4 finalda Filip Horvatla (Çexiya) münasibətinə aydınlıq gətirəcək.
Zidan Hünbətov (55 kiloqram) 1/8 finalda Badreddin Buraouiaya (İtaliya) heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən təmsilçimiz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Hünbətov 1/4 finalda Nikola Maksimoviçi (Serbiya) sınağa çəkəcək.
Məhəmmədəli Aşırəliyev (60 kiloqram) 1/8 finalda Abdullah Rahalı (İsrail) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, Poreçdə üçüncü cəhdində Brandon Hinea Kollasosla (İspaniya) gücünü yoxlayacaq.
Nicat Alırzayev (70 kiloqram) da adını 1/4 finala yazdırıb. Boksçumuz Edqaras Trotenskisi (Litva) 3:2 (30:27, 28:29, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, yarımfinala gedən yolda Miloş Roqanoviçlə (Monteneqro) üz-üzə gələcək.
Son iki boksçumuzun döyüşü noyabrın 20-də, digər ikisinin görüşü isə bir gün sonra olacaq.
Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı çempionata noyabrın 24-də yekun vurulacaq. Yarışda bir gün öncə daha 1 boksçumuz 1/4 finala vəsiqə qazanıb.

İdman 2026-11-18 22:20:00