


Səfir: İçərişəhər hər zaman insana ilham verir
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycanda fotoşəkillərimdə əks etdirdiyim ilk məkan Bakı, xüsusilə də İçərişəhər olub. İçərişəhər insana hər zaman ilham verir. Ora hər dəfə gedəndə sanki əsrlərin əvvəlki ruhunu bu gün də qoruyub saxlayan və sizi daim gözləyən başqa bir dünyaya daxil olursunuz. Bu, həqiqətən də çox qiymətli hissdir. İçərişəhərə qədəm qoyan kimi özünüzü tarixin qoynunda hiss edirsiniz. Cəmi beş dəqiqəyə müasir şəhərin mərkəzinə çata, növbəti beş dəqiqədə isə əsrlər əvvələ səyahət edə bilərsiniz. Bakını xüsusi və əvəzolunmaz edən cəhətlərdən biri də budur.
Bunu AZƏRTAC-a açıqlamasında Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar deyib.
O bildirib ki, fürsət düşdükcə İçərişəhərin küçələrində gəzməyi çox sevir.
Azərbaycanda olduğu müddətdə onu ən çox təsirləndirən məqamlardan danışan səfir xalqımızın səmimiyyətinin, mehribanlığının və qonaqpərvərliyinin yaddaşında dərin iz buraxdığını qeyd edib.
“Ölkənin müxtəlif bölgələrində, o cümlədən Şəkidə, Lənkəranda, Gəncədə və Şabranda olarkən, hər yerdə Azərbaycan xalqının böyük sevgisini hiss etmişəm. Bu sevgi və münasibət sayəsində Azərbaycan mənim üçün, demək olar ki, ikinci evə çevrilib. Bu hiss son dərəcə əzizdir və onu hər zaman qəlbimdə yaşadacağam”, – deyə o əlavə edib.
Səfirin sözlərinə görə, fotoqrafiya insanları birləşdirən ortaq dəyərləri nümayiş etdirmək üçün çox gözəl vasitədir. Fotoşəkillər vasitəsilə həm ayrı-ayrı detalları, həm də son dərəcə insani və ümumbəşəri məqamları əks etdirmək mümkündür. Bu isə ortaq dünyamıza münasibətdə rəğbət və empatiya hisslərinin yaranmasına kömək edir.
“Biz müxtəlif ölkələrin nümayəndələri olsaq da, eyni zamanda, böyük bir ailənin üzvləriyik. Hindistanda belə bir deyim var: bütün dünya bir ailədir. İnanıram ki, fotoqrafiya ortaq insanlığımızın həssaslığını, mənəvi dəyərlərini və hamımızın paylaşdığımız planetə bağlılığımızı əks etdirir”, – deyə səfir sözlərinə yekun vurub.