×
A
A
A
Sazlamalar

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub

Bakı, 18 noyabr, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müstəqilliyinin elan edilməsinin 43-cü ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Şimali Kipr Türk Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib, hər iki xalqın şəhidlərinin xatirəsi ehtiramla yad edilib.
Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner çıxışında xalqının azadlıq, varlığını qorumaq və öz müqəddəratını təyin etmək uğrunda mübarizəsindən bəhs edib. O, 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasını bu mübarizənin tarixi nəticəsi kimi qiymətləndirib, Türkiyənin dəstəyinin dövlətin inkişafında və təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğulayıb.
U.Turqaner Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, turizm, səhiyyə və ali təhsil sahələrində əlaqələrin inkişaf etdiyini bildirib. O, 2024-cü ildə iki ölkənin parlamentləri arasında dostluq qrupunun yaradılmasının münasibətlərin genişlənməsinə yeni imkanlar açdığını qeyd edib. Çıxışında ŞKTC-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi üzvlüyünün Türk dünyasının həmrəyliyinin mühüm göstəricisi olduğunu vurğulayan nümayəndə Azərbaycan Prezidenti İlham Əliyevin Kipr türklərinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Milli Məclisin deputatı, Azərbaycan–Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasını Türk dünyası tarixində milli iradənin və müstəqillik uğrunda siyasi mübarizənin parlaq nümunələrindən biri kimi səciyyələndirib.
Deputat qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin 2022-ci ildə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsi, eləcə də Türk dünyasının Şuşa və Qəbələ Zirvə toplantılarında təmsil olunması türk dövlətləri arasında birlik və həmrəyliyin təzahürüdür. C.Feyziyev 1997-ci ildə ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin açılmasını ikitərəfli əlaqələrin əsasının qoyulması baxımından mühüm hadisə kimi dəyərləndirib. O, 2024-cü ildə parlamentlərarası İşçi qrupunun yaradılmasının siyasi, iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafına yeni töhfə verdiyini vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dostluq və əməkdaşlıq siyasətinə uyğun olaraq bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.
Tədbir bədii hissə ilə davam edib.

Siyasət 2026-11-18 21:10:00