×
A
A
A
Sazlamalar

Bakıda səfirlərin fotolarından ibarət “Başqa Azərbaycan” sərgisi açılıb

Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Bakı Fotoqrafiya Evində “Başqa Azərbaycan” adlı fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə xarici ölkələrin Azərbaycandakı səfirlərinin çəkdikləri fotolar nümayiş olunur.
Sərgi Səfirlərin Mədəniyyət Klubunun təşəbbüsü ilə keçirilən “MicroFest: Kiçik hekayələr 2026” beynəlxalq festivalının ilk tədbiridir. Festival “Arts Council Azerbaijan” və “Səyahət” QHT-nin təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun əməkdaşlığı ilə keçirilir.
Tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, bu təşəbbüs ölkəmizə burada yaşayan əcnəbilərin gözü ilə baxmağa imkan yaradır. Onun sözlərinə görə, fotolar vasitəsilə Azərbaycanı fərqli rakursdan görmək mümkündür. Fotoqrafiya dilə ehtiyac duymayan ünsiyyət vasitəsi olmaqla yanaşı, təsirli hekayələr də danışır.
“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov isə festivalın kiçik hekayələrə həsr olunduğunu bildirib. Onun sözlərinə görə, kiçik bir foto böyük bir hekayə danışa, kiçik bir ideya isə yeni düşüncələrə yol aça bilər. D.Məmmədov tədbirlər çərçivəsində çoxsaylı maraqlı ideyaların kəşf edilməsinin mümkünlüyünü vurğulayıb, diplomatik korpus nümayəndələrinin iştirakı ilə daha əvvəl də bir neçə tədbir təşkil olunduğunu qeyd edib.
Sərgidəki fotolar səfirlərin Azərbaycanı necə gördüklərini və ölkəmizdə yaşadıqları təəssüratları əks etdirir. Fotolarda Azərbaycanın mənzərələri, tarixi küçələri, memarlıq nümunələri, mədəni irsi və gündəlik həyatı yer alıb. Hər bir əsər müəllifin ölkəmizlə, onun adət-ənənələri və mədəniyyəti ilə bağlı şəxsi təəssüratlarını, yaddaşında iz buraxan məqamları əks etdirir.
“Başqa Azərbaycan” sərgisi ziyarətçilərə ölkəmizə beynəlxalq qonaqların gözü ilə baxmaq imkanı yaradır. Layihə fotoqrafiyanın sözlərə ehtiyac duymadan müxtəlif ölkələri və mədəniyyətləri birləşdirə biləcəyini göstərir.
Sərgi noyabrın 21-dək davam edəcək.

Müxbir - Günel Alıyeva
Fotoqraf - Azər İbrahimov

Mədəniyyət 2026-11-18 20:36:00