


Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub
Berlin, 18 noyabr, AZƏRTAC
Cenevrədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Qlobal Paktın (GCM) “Çempion ölkələr” təşəbbüsü çərçivəsi görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu təşəbbüsə sədrliyi çərçivəsində keçirilən tədbirdə müxtəlif ölkələrin təmsilçiləri və digər diplomatik nümayəndələri, eləcə də BMqT və BMT-nin Miqrasiya Şəbəkəsinin təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Cenevrədəki BMT-nin Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli miqrasiyanın qlobal əhəmiyyətini və səmərəli miqrasiya idarəçiliyinin dövlətlərin sosial-iqtisadi inkişafına töhfəsini vurğulayıb.
O, Azərbaycanın iqtisadi inkişafı, qeyri-neft sektorunun genişlənməsi və Orta Dəhlizdə artan rolu nəticəsində əmək miqrasiyası baxımından regional cəlbedicilik mərkəzinə çevrildiyini qeyd edib. Daimi nümayəndə, həmçinin keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə təhlükəsiz, ləyaqətli və dayanıqlı qayıdışı istiqamətində görülən işlərdən, eləcə də BMqT ilə birgə həyata keçirilən kəhrizlərin bərpası layihəsinin yerli icmaların sosial-iqtisadi inkişafına töhfəsindən danışıb.
Azərbaycanın “Çempion ölkələr” təşəbbüsünə sədrliyi çərçivəsində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edilib. Ölkəmizin İkinci Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq prosesində və Forum çərçivəsində fəal iştirakı, “Çempion ölkələr” adından birgə bəyanatın təqdim olunduğu bildirilib. Eyni zamanda, “Çempion ölkələr” arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, müştərək prioritetlər üzrə səylərin əlaqələndirilməsi və Qlobal Paktın icrasına dəstək verən təşəbbüslərin təşviqinin vacibliyi vurğulanıb. Bu xüsusda miqrasiya marşrutları boyunca regional və regionlararası əməkdaşlığın genişləndirilməsi, beynəlxalq icmal dövrləri arasında davamlı əlaqələndirmənin təmin olunması və birgə təşəbbüslərin konkret nəticələrə yönəldilməsi əsas prioritetlər kimi qeyd edilib. “Çempion ölkələr” təşəbbüsünün daha dinamik, əlaqələndirilmiş və nəticəyönümlü əməkdaşlıq platforması kimi inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
BMqT-nin strategiya və xarici əlaqələr üzrə Baş direktoru Kim Ellinq Azərbaycanın “Çempion ölkələr” təşəbbüsünə rəhbərliyini yüksək qiymətləndirib, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsində və qlobal öhdəliklərin praktiki icrasında bu təşəbbüsün əhəmiyyətini vurğulayıb.
Daha sonra Kanada, Türkiyə, El Salvador, Meksika, İndoneziya və Mərakeşin Cenevrədəki BMT-nin Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrinin iştirakı ilə panel müzakirələri davam etdirilib.
Görüşün yekununda Miqrasiya üzrə Qlobal Pakt çərçivəsində qəbul edilmiş öhdəliklərin konkret nəticələrə çevrilməsi, ölkələr arasında əlaqələndirmənin gücləndirilməsi və praktiki əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.