×
A
A
A
Sazlamalar

Tanınmış bəstəkar Gülarə Əliyevanın xatirəsi anılıb VİDEO

Bakı, 17 noyabr, AZƏRTAC

Bakı Musiqi Akademiyasının Opera Studiyasında Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar, “Dan Ulduzu” instrumental ansamblının yaradıcısı Gülarə Əliyevanın xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, “İstiqlal nəğməli dan ulduzu” adlı xatirə gecəsi Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı tanınmış bəstəkarın həyat və yaradıcılığı barədə məlumat verərək deyib: “Gülarə Əliyeva Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində və Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışıb. 1966-cı ildə “Dan Ulduzu” instrumental ansamblını yaradıb. 1966–1988-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Musiqi nəzəriyyəsi kafedrasının müdiri vəzifəsində çalışıb”.
Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli qeyd edib ki, “Dan Ulduzu” instrumental ansamblı bəstəkarın yaradıcılıq dünyasının ayrılmaz hissəsi olub. “Onun haqqında Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan şəxsiyyət kimi danışmaq lazımdır. Gülarə Əliyeva bu ansambl vasitəsilə Azərbaycan musiqisinin inkişafına mühüm töhfələr verib”,- deyə rektor əlavə edib.
Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri, professor Hicran Hüseynova, Milli Məclisin Mədəniyyət Komitəsi sədrinin müavini Günay Əfəndiyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova və mədəniyyət nazirinin müavini Səadət Yusifova Gülarə Əliyevanın zəngin yaradıcılıq irsinin əhəmiyyətindən və sənətkarlıq xüsusiyyətlərindən bəhs ediblər.
Tədbir çərçivəsində Qərbi Azərbaycan Televiziyasının istehsalı olan, görkəmli bəstəkarın həyat və yaradıcılığına həsr edilən “Gülarə Əliyeva – Bir ömrün nəğməsi” adlı sənədli film nümayiş olunub. Filmdə sənətkarın mənalı ömür yolu, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr, yaratdığı “Dan Ulduzu” instrumental ansamblının fəaliyyəti ilə yanaşı, ailəsinin İrəvan kökləri, doğma yurda bağlılığı və bu bağlılığın ailə yaddaşında qorunub saxlanılması da əksini tapıb.
Daha sonra Gülarə Əliyevanın adını daşıyan “Dan Ulduzu” instrumental ansamblının konsert proqramı təqdim edilib. Ansamblın ifasında səslənən musiqi nümunələri sənətkarın əziz xatirəsini yad etməklə yanaşı, onun Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi əsərlərin yaşadılmasına xidmət edib.

Müxbir - Fidan Əlizadə
Fotoqraf - İlkin Cavanşirov

Mədəniyyət 2026-11-17 22:27:00