


Qazaxın kəndlərində təsərrüfat sahiblərinin və fermerlərin müraciətləri dinlənilib
Qazax, 17 noyabr, AZƏRTAC
Qazaxda 2026-2030-cu illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Çaylı, Xanlıqlar kəndlərində fəaliyyət göstərən aqroparka və bir sıra iri fermer təsərrüfatlarına baxış keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev və Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq və Balıqçılıq şöbəsinin müdir müavini-sektor müdiri Vüsal Mirzəyev rayon ərazisində fəaliyyət göstərən aqroparkda və iri fermer təsərrüfatlarında olublar.
Baxışın keçirilməsində əsas məqsəd dövlət proqramının icrası, rayonun aqrar potensialının artırılması, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi və istehsal göstəricilərinin yerində qiymətləndirilməsidir. Baxış zamanı rayonda kənd təsərrüfatının inkişafı, məşğulluğun təmin edilməsi və istehsal həcminin artırılması istiqamətində məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib. Sahibkarların, təsərrüfat sahiblərinin, fermerlərin təklifləri, müraciətləri dinlənilib.
Müxbir - Ruslan Novruzoğlu