×
A
A
A
Sazlamalar

Alim: Süni intellekt tarixçini əvəz etməyəcək, amma keçmişin öyrənilməsinə yanaşmanı dəyişəcək

Bakı, 17 noyabr, AZƏRTAC

Süni intellekt tarixi araşdırmaların aparılma üsullarını tədricən dəyişir. Bu texnologiya böyük həcmli arxiv materiallarını təhlil etməyə, əvvəllər diqqətdən kənarda qalmış əlaqələri aşkara çıxarmağa və tarixi proseslərin öyrənilməsi üçün yeni imkanlar yaratmağa şərait yaradır. Bununla yanaşı, texnologiyalar tədqiqatçının peşəkar qiymətləndirməsini əvəz edə bilməz. Çünki elmi nəticələrin etibarlılığı mənbələrin tənqidi təhlilini və tarixi kontekstin dərindən başa düşülməsini tələb edir.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Milli Elmlər Akademiyasının Süni intellekt və rəqəmsal tarix və etnologiya şöbəsinin elmi işçisi, Tarix və Etnologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri Ayxan Mehdizadə deyib.
Onun fikrincə, süni intellektin əsas üstünlüklərindən biri böyük həcmli tarixi məlumatların emalını əhəmiyyətli dərəcədə sürətləndirmək imkanına malik olmasıdır. Ənənəvi üsullarla həmin məlumatların öyrənilməsi aylar, hətta illər çəkə bilər.
Müasir texnologiyalar vasitəsilə əlyazma sənədləri tanımaq, arxiv materiallarını rəqəmsallaşdırmaq, məlumatları sistemləşdirmək, konkret tarixi şəxsiyyətlər, coğrafi obyektlər və hadisələr haqqında qeydləri aşkar etmək mümkündür. Bununla belə, süni intellektin imkanları yalnız mətn mənbələri ilə məhdudlaşmır. O, tarixi fotoşəkillər, xəritələr, audioyazılar və digər materiallarla işləməyə də imkan verir.
“Rəqəmsal tarix və etnologiya sahəsində süni intellektin tətbiqi xüsusilə perspektivli görünür. Bu texnologiya tarixi prosesləri kompleks şəkildə araşdırmağa, müxtəlif mənbə qruplarını müqayisə etməyə, sosial, mədəni və demoqrafik dəyişiklikləri təhlil etməyə imkan verir”, – deyə o bildirib.
Alim hesab edir ki, süni intellekt tədqiqatçılara ayrı-ayrı sənədlərin ənənəvi üsullarla öyrənilməsi zamanı diqqətdən kənarda qala biləcək əlaqə və qanunauyğunluqları aşkar etməyə kömək edə bilər. Minlərlə, hətta milyonlarla mənbəni emal edən alqoritmlər tarixi şəxsiyyətlər, hadisələr, regionlar və sosial qruplar arasındakı əlaqələri üzə çıxara bilər.
O, buna misal olaraq XIX əsrdə Azərbaycanın hərb tarixinin öyrənilməsini göstərib. Bildirib ki, silahlanma, hərbi birləşmələr, döyüş iştirakçıları və hərbi-siyasi hadisələr barədə arxiv məlumatlarının süni intellekt vasitəsilə sistemləşdirilməsi əvvəllər aşkar edilməmiş əlaqələrin müəyyənləşdirilməsinə kömək edə bilər.
Bununla yanaşı, agentliyin müsahibi vurğulayıb ki, alqoritmin aşkar etdiyi qanunauyğunluq həmin məlumatın təsdiqlənmiş tarixi fakt olduğu demək deyil. Bunun üçün əldə olunan nəticələrin peşəkar şəkildə şərh edilməsi və ilkin mənbələr əsasında yoxlanılması zəruridir.
Süni intellektdən istifadə etməklə aparılan araşdırmaların etibarlılığından danışan A.Mehdizadə əlyazma mətnlərinin tanınması, tarixlərin, adların və coğrafi yer adlarının müəyyənləşdirilməsi zamanı yol verilə biləcək səhvlərə diqqət çəkib. Bundan başqa, dil modelləri zahirən inandırıcı görünən, lakin tarixi mənbələrlə təsdiqlənməyən məlumatlar yarada bilər: “Süni intellekt tarixi biliklərin müstəqil və mötəbər mənbəyi kimi deyil, köməkçi analitik vasitə kimi çıxış etməlidir. Əldə olunan istənilən nəticə ilkin mənbələr əsasında yoxlanılmalıdır. Yalnız müasir rəqəmsal texnologiyaların klassik tarixşünaslıq metodologiyası ilə uzlaşdırılması tədqiqatın elmi əsaslılığını təmin edə bilər”.
Onun sözlərinə görə, süni intellektin tarix elminə təsiri artıq tədqiqat vasitələrinin texniki cəhətdən təkmilləşdirilməsi ilə məhdudlaşmır. Rəqəmsal texnologiyalar geniş tarixi məlumat bazaları yaratmağa, prosesləri vizuallaşdırmağa və müxtəlif hadisələr arasında əlaqələri müəyyənləşdirməyə imkan verir. Gələcəkdə bu, tarix, informasiya texnologiyaları, məlumatların təhlili və coğrafi informasiya sistemlərinin kəsişməsində yeni fənlərarası istiqamətlərin inkişafına təkan verəcək.
Bununla belə, alim süni intellektin tarixçini əvəz edə biləcəyini düşünmür. Tarix yalnız tarixlərin, hadisələrin və sənədlərin məcmusundan ibarət deyil. Bu elm insanın, onun motivlərinin, mədəni xüsusiyyətlərinin və tarixi kontekstin öyrənilməsini nəzərdə tutur.
“Alqoritm məlumatları emal edə və müəyyən şərh variantı təklif edə bilər. Lakin tənqidi düşüncə, tarixi konteksti anlamaq və elmi nəticələrə görə məsuliyyət tədqiqatçının üzərinə düşür”, – deyə A.Mehdizadə fikrini yekunlaşdırıb.

Müxbir – Leyla Minasazova

Mədəniyyət 2026-11-17 21:15:00