×
A
A
A
Sazlamalar

Mobil telefon uşaq üçün bir növ “təsəlli örtüyü”nə çevrilib - Neyropsixiatr Teo Kompernollenin ŞƏRHİ


Bakı, 17 noyabr, AZƏRTAC
Uşaqlar rəqəmsal texnologiyalar üzrə mütəxəssisə çevrilmir və ya rəqəmsal müdrikliyi avtomatik qazanmırlar. Hər bir bacarıq kimi, bunu da öyrənmək və məşq etməklə mənimsəmək lazımdır. Lakin bütün bu müasir və faydalı texnologiyalar uşağın ixtiyarında olsa belə, rəqəmsal müstəqilliyə malik deyilsə, onun rəqəmsal savadlı olması mümkün deyil. Mobil telefonu kənarda olan bir çox uşağın diqqəti yenə də daim yayınır, çünki fikirləri hələ də telefonla məşğuldur. Telefon əllərinin altında olmasa belə, psixoloji baxımdan ondan asılı vəziyyətdə qalırlar. Onlar rəqəmsal texnologiyalardan azad deyillər.
Bunu AZƏRTAC-a açıqlamasında məşhur neyropsixiatr, akademik Teo Kompernolle deyib.
Onun sözlərinə görə, müvafiq hazırlıq olmadan insanın rasional, məqsədyönlü düşünən “təfəkkür beyni” impulsiv, reflektor beyni idarə edə bilmir. “Bu, azyaşlı uşaqlar üçün, demək olar ki, mümkün deyil, yeniyetmələr üçün isə xüsusilə çətindir. Çünki onların icraedici funksiyaları kifayət qədər inkişaf etməyib. Söhbət daxil olan məlumatları emal etmək, diqqəti yayındıran amilləri kənarlaşdırmaq, diqqəti davamlı saxlamaq, prioritetləri və məqsədləri müəyyənləşdirmək, impulsları nəzarətdə saxlamaq, həzz almağı təxirə salmaq və öz davranışını idarə etmək üçün zəruri olan fundamental düşünmə bacarıqlarından gedir”.
Məhz bu bacarıqlar sayəsində məqsədyönlü hərəkət edə və impulsiv, reflektor beynimizi müəyyən dərəcədə nəzarətdə saxlaya bilirik. Məsələn, “diqqətə nəzarət” diqqəti nəyə yönəltməyi, nəyə məhəl qoymamağı seçmək və diqqəti yayındıran amillərə baxmayaraq, onu seçilmiş istiqamətdə saxlamaq bacarığıdır. “Davranışa nəzarət” isə stimullara dərhal reaksiya verməmək, ani məmnunluğu təxirə salmaq, özünənəzarət nümayiş etdirmək, şirnikləndirici amillərə qarşı durmaq, əzmkarlıq və intizam göstərmək bacarığıdır.
Neyropsixiatr bildirib ki, zəruri bacarıqları mənimsəməzdən əvvəl azyaşlı uşağa mobil telefon vermək böyük riskdir: “Uşağa ondan istifadə etməyi öyrətmədən mobil telefon vermək, üzməyi öyrətmədən onu körpüdən çaya atıb sahilə qədər üzərək çıxacağını gözləməyə bənzəyir. Bu bacarıqların formalaşdırılması uşaqların tərbiyəsində ən mühüm məsələlərdən biridir. Böyüklər elektron cihazlardan istifadəyə dair mehriban münasibət çərçivəsində, lakin çox aydın məhdudiyyətlər qoymalı, uşaqlara həmin cihazlardan düzgün istifadə etməyi öyrətməli, bu məsələni onlarla müzakirə etməli, onlara istiqamət verməli və şübhəsiz ki, yeniyetməlik dövrünün sonunadək uşaqların minimal nəzarətlə müstəqil hərəkət etmələrinə imkan vermək üçün onların fəaliyyətinə nəzarət etməlidirlər.
Həmsöhbətimizin fikrincə, məhz buna görə də orta məktəbin aşağı siniflərində mobil telefonlardan istifadəni tamamilə qadağan etmək lazımdır. “Beyinləri hələ tam inkişaf etməmiş uşaqların tətbiqlərin əsirinə çevrilməsi riski həddindən artıq yüksəkdir. Nə qədər paradoksal görünsə də, bu qadağa əvvəlcə artıq asılılıqdan əziyyət çəkən uşaqların diqqətinə və stres səviyyəsinə mənfi təsir göstərəcək. Onların həqiqətən də bu vərdişdən qurtulması lazımdır. Mobil telefon uşaq üçün bir növ “təsəlli örtüyünə” çevrilib və telefon əlindən alındıqda uşaq narahat olmağa başlayır”, – deyə T.Kompernolle fikirlərini yekunlaşdırıb.

Müəllif – Leyla Muradzadə

Cəmiyyət 2026-11-17 20:56:00