×
A
A
A
Sazlamalar

Özbək xoreoqraf: Azərbaycan rəqsi ilə ən yaxın oxşarlıqlar Fərqanə məktəbində müşahidə olunur

Bakı, 17 noyabr, AZƏRTAC

Özbək və Azərbaycan milli rəqslərinin oxşarlığı xüsusilə əl hərəkətlərində, biləklərin və barmaqların ifadəliliyində, eləcə də bədən plastikliyində nəzərə çarpır. Bununla yanaşı, özbək rəqsində barmaqlar daha çox çiçək ləçəklərini xatırladan forma alır, Azərbaycan rəqsində isə uzadılaraq düz tutulur və ənənəvi buta ornamentinin konturlarını xatırladır.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının baş müəllimi, PhD elmi dərəcəsi almaq üçün müstəqil tədqiqat aparan Susanna Useynova deyib.
Onun sözlərinə görə, özbək rəqsində bilək və barmaq hərəkətləri daha incə detallarla seçilir, Azərbaycan rəqsində isə bu hərəkətlər daha təmkinli xarakter daşıyır. Xoreoqraf Azərbaycan rəqs ənənəsinə ən yaxın məktəb kimi Fərqanə məktəbini hesab edir.
“Oxşarlıq hərəkətlərin zərifliyində və axıcılığında, müəyyən qədər incə naz-qəmzədə və qadın gözəlliyini ifadə etmək istəyində özünü göstərir. Hər iki ənənədə düzgün duruş, əllərin və bədənin plastikası, eləcə də ifa tərzində təmkin mühüm rol oynayır”, – deyə o qeyd edib.
Xoreoqraf əlavə edib ki, hər iki mədəniyyətin lirik qadın rəqslərində əsas emosional ifadə yükü çox vaxt əl hərəkətlərinin, biləklərin ifadəliliyinin və bədən plastikliyinin üzərinə düşür. Ayaq hərəkətləri də mühüm əhəmiyyət daşıyır, lakin çox vaxt onlara daha az diqqət yetirilir. Hər iki ənənədə gözəlliyi və baxışların ifadəliliyini jestlər vasitəsilə çatdıran elementlər var, baxmayaraq ki, onların ifa tərzi və plastik ifadəsi fərqlənir. Adları fərqli olsa da, bəzi keçid hərəkətlərində də oxşarlıq müşahidə olunur.
“Özbək və Azərbaycan rəqs mədəniyyətlərini, xüsusilə qadın obrazının açılmasında Şərq estetikası birləşdirir. Bununla belə, Azərbaycan rəqsi ilə özbək xoreoqrafiyasının Fərqanə məktəbi arasında daha yaxın oxşarlıqlar görürəm”, – deyə S.Useynova qeyd edib.
Özbək milli rəqsinin xüsusiyyətlərindən danışan xoreoqraf bu sənətin regional ənənələrinin zənginliyi ilə seçildiyini vurğulayıb. Ölkənin xoreoqrafiyasında Fərqanə, Buxara və Xivə məktəbləri, eləcə də özünəməxsus Surxandərya rəqs ənənəsi formalaşıb. Bu məktəblərin hər birinin özünəməxsus hərəkətləri, musiqi materialı, geyimləri və ifa tərzi var. Onların formalaşmasına tarixi mədəni mərkəzlər və dövlət qurumları təsir göstərib: Fərqanə ənənəsi Kokand xanlığı, Xivə ənənəsi Xivə xanlığı, Buxara məktəbi isə Buxara əmirliyi ilə bağlıdır.

Müxbir – Günel Alıyeva

Mədəniyyət 2026-11-17 20:20:00