×
A
A
A
Sazlamalar

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir

Antalya, 17 noyabr, AZƏRTAC

Azərbaycan 2024-cü ildə Bakıda “İqlim fəaliyyəti naminə su” mövzusunda COP29 Bəyannaməsini irəli sürərkən məqsədimiz aydın idi - beynəlxalq iqlim gündəliyində su resurslarına daha güclü və davamlı yer qazandırmaq. “Bakı Dialoqu”nu “COP-dan COP-a platforması” kimi təsis etdik və öhdəlikləri elmi əməkdaşlıq, milli siyasət və praktiki icra ilə həyata keçirməyə çalışdıq.
AZƏRTAC xəbər verir ki, bu fikri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) sessiyası çərçivəsində keçirilən “İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqu” qlobal təşəbbüsünün ikinci yüksəksəviyyəli görüşündə çıxışı zamanı Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev deyib.
COP29 sədrliyi və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunan “Dialoqdan qlobal fəaliyyətə – COP31 gündəliyinə su prizmasından yanaşma” başlıqlı müzakirə iştirakçılarına səslənən M.Babayev qeyd edib ki, hazırda əsas prioritet əldə olunan irəliləyişi ölkələr və icmalar üçün konkret nəticələrə çevirməkdir.
COP29-un prezidenti suyun iqlimə uyğunlaşma, ərzaq təhlükəsizliyi, enerji, biomüxtəliflik və ictimai sağlamlıq üçün mərkəzi əhəmiyyət daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, "Bakı Dialoqu" su resurslarının Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr və Milli Uyğunlaşma Planlarına inteqrasiyası baxımından praktiki təlimatlar irəli sürür. Beləliklə, bu proses daha güclü monitorinq, elmi əməkdaşlıq və erkən xəbərdarlıq mexanizmləri ilə dəstəklənir.
Regional əməkdaşlığın əhəmiyyətini qeyd edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi "UN-Water" (BMT-Su) təşkilatının məlumatına diqqət çəkib: “Hazırda 153 ölkə transsərhəd su ehtiyatlarını bölüşür. Bu ehtiyatlar qlobal şirin su axınlarının təxminən 60 faizini təşkil edir”.
Azərbaycan üçün su təhlükəsizliyinin strateji milli prioritet olduğunu qeyd edən COP29-un prezidenti bildirib ki, respublikamızın yerüstü su ehtiyatlarının 70 faizdən çoxu sərhədlərdən kənarda formalaşır: “Azərbaycan qonşu ölkələrlə ortaq çaylar üzrə ikitərəfli əməkdaşlığı gücləndirməyə davam edir. Bizə beynəlxalq tərəfdaşlar lazımdır. Beynəlxalq təşkilatlar bu kimi əməkdaşlığın asanlaşdırılmasında, ölkələrin qarşılıqlı məqbul razılaşmalar əldə etməsində, elmi bilik mübadiləsi aparmasında və praktiki təcrübə bölüşməsində kömək baxımından daha fəal və əzmkar rol oynamalıdırlar”.
Xəzər dənizində vəziyyəti davamlı regional əməkdaşlığın zəruriliyinin yeni bir nümunəsi adlandıran Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi deyib ki, dəniz suyunun səviyyəsinin aşağı düşməsi artıq sahil ekosistemlərinə, infrastruktura, iqtisadi fəaliyyətlərə və icmalara təsir göstərir.
COP29-un prezidenti əlavə edib: “Xəzər dənizindəki vəziyyət göstərir ki, iqlim dəyişikliyi, çay axınları, su ehtiyatlarının idarə olunması və ekosistemlərin qorunması məsələlərinə ayrı-ayrılıqda yanaşmaq mümkün deyil. Azərbaycan bütün tərəfdaşları ilə birlikdə bu istiqamətdəki işləri irəli aparmağa hazırdır”.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya 

2026-11-17 19:37:00