×
A
A
A
Sazlamalar

Futbol formasından əlfəcinədək... “Zumerlər” nəyi kolleksiya etməyi sevirlər? –  SORĞU

Bakı, 17 noyabr, AZƏRTAC
Millennialların demək olar ki, hər birinin uşaqlıq və məktəb illərində özünün “xəzinəsi” – xüsusi dəyər verdiyi, qürur duyduğu kolleksiyası olub. Bəziləri həvəslə fişləri və saqqızlardan çıxan stikerləri dəyişdirir, digərləri “Kinder” yumurtalarından çıxan nadir fiqurların “ovuna” çıxır, anime qəhrəmanlarının təsvir olunduğu kartları toplayır və ya fiqurlu qələmlərdən rəngarəng bloknotlaradək qeyri-adi dəftərxana ləvazimatları alırdılar. Bəs müasir “Z” nəslində kolleksiya toplamaq həvəsini nə oyadır? “Z” nəslinin nümayəndələrinin nələrə maraq göstərdiyini öyrənmək üçün AZƏRTAC-ın müxbiri 21-25 yaşarası gənclərlə söhbət edib.
Sorğunun nəticələri göstərib ki, “Z” nəslinin nümayəndələrinin maraq dairəsi kifayət qədər genişdir və onların estetikaya, fərdiliyə, eləcə də şəxsi maraqları ilə bağlı əşyalara meylini əks etdirir.
Məsələn, sorğunun ən gənc iştirakçısı bu yaxınlarda əlfəcinlər toplamağa maraq göstərməyə başlayıb. Onun kolleksiyasında artıq 30-a yaxın nümunə var. Qeyri-standart formalı, eləcə də görkəmli şəxsiyyətlərin portretləri əks olunan əlfəcinlər onun üçün xüsusi dəyər daşıyır. Bu hobbi ilə yaxınlarda məşğul olmağa başlasa da, kolleksiyaçı bu sahədə fəaliyyətini fəal davam etdirmək, kolleksiyasını daha nadir və orijinal nümunələrlə zənginləşdirmək niyyətindədir.
Sorğu iştirakçıları arasında futbol formalarına xüsusi maraq göstərənlər də olub. Onların bu həvəsə gəlmə yolları isə fərqlidir. Respondentlərdən biri üçün futbol forması toplamaq son üç ildə şüurlu şəkildə seçdiyi hobbiyə çevrilibsə, digəri bu sevgini bütün həyatı boyu qoruyub saxlayıb və ilk formaları hələ erkən uşaqlıq dövründə toplamağa başlayıb.
Maraqlar siyahısında daha çox rahatlıq və xoş ovqat bəxş edən əşyalara da yer verilib. Həmsöhbətlərdən biri qeyri-adi fincanlara xüsusi maraq göstərdiyini etiraf edib. Onun rəflərində artıq 15 nümunədən ibarət kiçik, lakin diqqətçəkən kolleksiya formalaşıb.
Sorğu iştirakçıları arasında texnika həvəskarları, xüsusilə mexaniki saatlar toplayanlar da olub. Qadcetlər dövründə onu məhz “canlı” mexanika, mürəkkəb mexanizmin estetikası və zamanın axışını hiss etmək imkanı cəlb edir.
Bəs rəqəmsal nəslin maddi əşyalara bu qədər bağlılığı nə ilə əlaqədardır? Psixoloq Lamiya Əhmədli-Şirinovanın sözlərinə görə, bu cür marağın dərin emosional əsasları var: “Bu maraq, ilk növbədə, özünüifadə, fərdilik və mənsubiyyət hissinə olan tələbatla, eləcə də emosional rahatlıq və fiziki dünyada təhlükəsizlik hissi qazanmaq üçün rəqəmsal dünyanın sürətli tempindən uzaqlaşmaq istəyi ilə bağlı ola bilər”.
Təcrübə göstərir ki, zaman dəyişdikcə kolleksiya kimi toplanan əşyalar da dəyişir. Lakin kolleksiyaçılığın mahiyyəti dəyişməz qalır. Bir vaxtlar millenniallar kimi, “Z” nəslinin nümayəndələri üçün də kolleksiya toplamaq onlar üçün əhəmiyyətli olan tarixçənin bir parçasını qoruyub saxlamaq və real əşyalar vasitəsilə öz “mən”ini ifadə etmək üsuludur.

Müəllif – Leyla Muradzadə

 

Cəmiyyət 2026-11-17 19:07:00