


Hakan Fidan: Türkiyə Qara dəniz vasitəsilə taxıl daşımalarının bərpası üçün danışıqlar aparır
Bakı, 17 noyabr, AZƏRTAC
Türkiyə Qara dəniz vasitəsilə taxıl daşımalarının bərpası və təhlükəsiz naviqasiyanın təmin olunması məqsədilə Rusiya, Ukrayna və Avropa ölkələri ilə danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə keçirilən görüşdən sonra Anadolu Agentliyinə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Ankara qlobal bazarlara taxıl tədarükünün bərpası və xüsusilə ehtiyacı olan ölkələrə buğda çatdırılması üçün konkret təkliflər hazırlayıb.
Onun sözlərinə görə, Türkiyə bu məsələni Bolqarıstan, Rumıniya və Ukrayna ilə müzakirə edib, Rusiya tərəfi ilə də görüşlər keçirib.
Hakan Fidan bildirib ki, tərəflər arasında razılığa gəlmək çətin olsa da, Ankara Qara dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsi üçün ortaq həll yolu tapmağa çalışır.