


“Azərbaycan” qəzetində şəhid Elgün İsmayılov adına ənənəvi yaradıcılıq müsabiqəsinə yekun vurulub
Bakı, 16 noyabr, AZƏRTAC
“Azərbaycan” qəzetində şəhid Elgün İsmayılov adına ənənəvi yaradıcılıq müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, qəzetin əməkdaşı olan Elgün Dağbəyi oğlu İsmayılovun şəhidlik zirvəsinə yüksəlməsindən 32 il ötür. Cəmi 20 yaşında əbədiyyətə qovuşan Elgün İsmayılovun xatirəsi çalışdığı “Azərbaycan” qəzetinin redaksiyasında daim böyük ehtiramla yad edilir, xatirəsinə həsr olunan yaradıcılıq müsabiqəsi təşkil olunur.
Ənənəvi olaraq hər il keçirilən şəhid Elgün İsmayılov adına yaradıcılıq müsabiqəsi mənəvi dəyərlərin yaşadılmasına, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.
“Azərbaycan” qəzeti redaksiyasında təşkil olunan tədbirdə qəzetin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək şəhidlik zirvəsindən, onun müqəddəsliyindən, Vətən sevgisinin ucalığından, xalqımızın qəhrəman oğullarının misilsiz şücaətindən danışıb. Baş redaktor çıxışında bildirib ki, 6 il əvvələ qədər şəhidlik və qəhrəmanlıq mövzusunda yazılan hər məqalənin arxasında böyük bir nisgil vardı. Jurnalistlər yazılarına Vətən həsrətini, torpaq nisgilini hopdururdular: “Çünki Qarabağ hələ azad deyildi, Şuşaya qovuşmaq, doğma yurd yerlərində bayrağımızın dalğalanmasını görmək xalqımızın ən böyük arzusu idi. Bu gün isə tarix başqa cür yazılır. Artıq biz qalib xalqın övladıyıq. Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. İndi jurnalistin qarşısında başqa bir vəzifə durur. O da qazanılmış Zəfərin tarixini yazmaq, 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlığı gələcək nəsillərə çatdırmaq. Bu, yalnız peşə vəzifəsi deyil, həm də mənəvi borcdur. Çünki yazılan hər sətir həm tarixi yaddaşın qorunmasına, həm də qəhrəmanlıq salnaməsinin yaşadılmasına xidmət edir”.
Sonra müsabiqənin nəticələri elan edilib. Redaksiyanın əməkdaşları Züleyxa Əliyeva, Rəşad Cəfərli və Elşən Qəniyev yaradıcılıq müsabiqəsinin qalibləri elan olunub.
Qaliblər çıxış edərək bildiriblər ki, bu mükafat yaradıcılığa verilən qiymət olmaqla yanaşı, həm də onlar üçün böyük mənəvi məsuliyyətdir. Çünki şəhid adını daşıyan müsabiqədə qalib gəlmək qəhrəmanların xatirəsinə ehtiramın, onların adını və şücaətini sözlə yaşatmaq istəyinin ifadəsidir. Şəhidlərin əmanətinə sahib çıxmaq, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq hər bir jurnalistin mənəvi borcudur.
Qeyd edək ki, 1974-cü il noyabrın 16-da Bakıda dünyaya göz açan Elgün İsmayılov 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin oktyabrında “N” saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə - Füzuli rayonuna göndərilən Elgün Horadizin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılıb.
1994-cü ilin yanvarında hərbi briqadanın yeri Kəlbəcər bölgəsinə, Murovdağ istiqamətinə dəyişdirilib. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murovdağda bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edib. 1994-cü il aprelin axırlarında keçirilmiş hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın Fəxri fərmanına layiq görülüb. Mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün də olub. Burada düşmən hücumuna məruz qalan igid kəşfiyyatçı son nəfəsinə qədər döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalıb. Elgün İsmayılov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.