


Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH
Bakı, 15 noyabr, AZƏRTAC
Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar. Çünki Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi, yeni nəqliyyat-kommunikasiya imkanlarının yaradılması və iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil.
Bu fikirləri AZƏRTAC-a "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Dublinə səfəri və Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş verən hadisələr də məhz bu mənzərənin ayrı-ayrı təzahürləri kimi diqqəti cəlb edir.
Siyasi şərhçi deyib ki, dövlətimizin başçısının sammitdəki çıxışı, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin yeni sənədlə təsbit olunması, eləcə də Ermənistanın baş naziri ilə keçirilən görüş Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu göstərir.
N.Azərinin sözlərinə görə, Avropa Siyasi Birliyinin əhəmiyyətini müəyyənləşdirən əsas xüsusiyyətlərdən biri onun Avropa İttifaqının institusional çərçivəsindən daha geniş siyasi platforma olmasıdır. Dublin sammitinə 50-dək dövlət və hökumət başçısının dəvət edilməsi bu formatın əhatə dairəsini nümayiş etdirir. Platforma Aİ üzvləri ilə yanaşı, Böyük Britaniya, Türkiyə, Azərbaycan, Norveç, İsveçrə və digər Avropa ölkələrini də ümumi müzakirə məkanında birləşdirir. Burada əsas məqsəd qitənin təhlükəsizliyi, siyasi sabitliyi, iqtisadi əlaqələri və ortaq problemləri ətrafında geniş dialoq imkanları yaratmaqdır. Azərbaycanın bu platformada fəal iştirakı və 2028-ci ildə növbəti sammitə ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilməsi xüsusi siyasi məna daşıyır.
Siyasi şərhçi vurğulayıb ki, bu qərar ölkəmizin Avropa siyasi məkanında qazandığı etimadın və artan nüfuzunun göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Bakı həmin sammitdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarını qəbul etməklə Avropa miqyasında siyasi dialoqun aparıldığı mühüm mərkəzlərdən birinə çevriləcək.
Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlərdəki rolunun yalnız regional məsələlərlə məhdudlaşmadığını göstərir. Ölkəmiz artıq Avropanın təhlükəsizlik, iqtisadi əməkdaşlıq və gələcək inkişaf perspektivlərinin müzakirə olunduğu geniş platformalarda da fəal iştirak edir. 2028-ci ildə keçiriləcək sammit isə bu mövqenin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaradacaq.
Ümumilikdə, Prezident İlham Əliyevin Dublin səfəri bir neçə mühüm siyasi nəticə ilə yadda qaldı: Avropa ölkələrinin liderləri ilə intensiv təmaslar, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın artan rolunun bir daha nümayiş etdirilməsi, Böyük Britaniya ilə strateji tərəfdaşlığın rəsmiləşdirilməsi və Ermənistanla sülh gündəliyi üzrə müzakirələrin davam etdirilməsi. Bu hadisələrin hər biri ayrılıqda əhəmiyyətli olsa da, onların ümumi mənzərəsi daha geniş siyasi prosesin tərkib hissəsi kimi diqqət çəkir. Həmin prosesin mahiyyəti Azərbaycanın müharibədən sonra formalaşdırdığı yeni regional reallıqların beynəlxalq münasibətlər sistemində getdikcə daha çox nəzərə alınmasıdır. Vaxtilə Cənubi Qafqazda sabitliyin təmin olunmasını çətinləşdirən münaqişə artıq yeni siyasi şəraitlə əvəzlənib. İndi əsas məsələ bu şəraitdən istifadə edərək regionda davamlı sülhün, qarşılıqlı faydalı iqtisadi münasibətlərin və geniş nəqliyyat əlaqələrinin qurulmasıdır. Azərbaycanın mövqeyi bu istiqamətdə aydındır: regionun gələcəyi qarşıdurma və geosiyasi rəqabət üzərində deyil, suverenliyə hörmət, qarşılıqlı maraqlar və əməkdaşlıq prinsipləri əsasında qurulmalıdır. Dublin sammitində baş verənlər isə göstərir ki, bu yanaşma Avropanın siyasi gündəliyində də getdikcə daha çox əhəmiyyət qazanır. 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Bakıda keçirilməsi bu prosesin növbəti mühüm mərhələsi olacaq. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik imkanlarının və geniş Avropa siyasi məkanında artan rolunun nümayişi baxımından əlamətdar hadisə kimi tarixə düşəcək.