


“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu
Bakı, 15 noyabr, AZƏRTAC
ABŞ-nin kosmik texnologiyalar şirkəti "SpaceX" sınaq uçuşunu başa vuran "Starship" kosmik gəmisini ilk dəfə xüsusi tutucu mexanizm vasitəsilə uğurla qəbul edib.
AZƏRTAC xəbər verir ki, şirkətin "X" sosial şəbəkəsində canlı yayımlanan missiya zamanı gəmi Texas ştatındakı "Starbase" kosmodromunda yerləşən "Mechazilla" qülləsinə qayıdıb.
Təxminən 22,5 saat davam edən uçuş ərzində "Starship" Yer ətrafında 14 dövrə vurub və orbitə 26 ədəd "Starlink V3" peyki yerləşdirib. Canlı yayım zamanı missiyanın uğurla başa çatdığı və "Mechazilla" platformasının gəmini tutduğu rəsmi şəkildə elan edilib.
Qeyd edək ki, "SpaceX" bundan əvvəl yalnız sistemin birinci mərhələsi olan "Super Heavy" daşıyıcı raketini qülləyə qaytarmağa nail olmuşdu, "Starship" gəmisinin özü isə suya eniş edirdi. 15-ci sınaq uçuşunda hər iki mərhələnin platformaya qaytarılması planlaşdırılsa da, yaranan texniki nasazlıq ssenarini dəyişməyə məcbur edib. Nəticədə buraxılışdan 10 dəqiqə keçməmiş daşıyıcı raket Meksika körfəzinə eniş edərkən partlayıb.
Şirkətin təsisçisi İlon Mask həmin qərarı kosmodrom infrastrukturunu qorumaq zərurəti ilə izah etmişdi: "Yeni daşıyıcı raket demək olar ki, hazırdır. Qüllənin və ya buraxılış meydançasının zədələnməsi isə işlərimizi 2-3 ay gecikdirə bilərdi".
"SpaceX" gələcəkdə "Starship" sistemindən həm "Starlink" peyk şəbəkəsini sürətlə genişləndirmək, həm də NASA-nın Ay missiyalarını həyata keçirmək üçün istifadə etməyi hədəfləyir. İlon Maskın sözlərinə görə, şirkət gələcəkdə ildə yüzlərlə, hətta minlərlə "Starship" buraxılışı reallaşdırmaq niyyətindədir ki, bu da dünya kosmik sənayesi üçün rekord göstərici olacaq.