×
A
A
A
Sazlamalar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Vaşinqton, 14 noyabr, AZƏRTAC

ABŞ-nin Çikaqo şəhərində yerləşən İllinoys Texnologiya İnstitutunun Çikaqo-Kent Hüquq Kollecində Azərbaycanın Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanlı Hüquq Tələbələri və Məzunlarının Amerika Şəbəkəsi (ALSANA) tərəfindən təşkil olunan tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin, Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin dəstəyi ilə baş tutub.
Əvvəlcə ABŞ-nin və Azərbaycan Respublikasının himnləri səsləndirilib, hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsi sükutla anılıb.
Açılış nitqi ilə çıxış edən ALSANA təşkilatının prezidenti Əmiraslan Yusifov tədbirin məqsədinin Amerikada fəaliyyət göstərən azərbaycanlı vəkilləri bir araya toplayaraq bu ölkədəki Azərbaycan icması üçün faydalı işlər görmək olduğunu vurğulayıb. Onun təşəbbüsü ilə Azərbaycan Amerika Vəkillər Kollegiyasının yaradıldığını diqqətə çatdıran Ə.Yusifov Amerikada yaşayan azərbaycanlı vəkilləri bu Kollegiya ilə əməkdaşlığa dəvət edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev ABŞ-dəki azərbaycanlı icmasının fəaliyyətini yüksək qiymətləndirib.
Tədbirdə Çikaqo-Kent Hüquq Kollecinin müvəqqəti dekanı Harold J.Krent, Beynəlxalq Proqramlar üzrə dekan müavini Adam Veber çıxış edərək azərbaycanlı tələbələrin universitet həyatına verdiyi töhfələrdən danışıb, onların akademik və sosial mühitdə fəallığını yüksək qiymətləndirib.
Azərbaycanın ABŞ-dəki səfirliyinin ikinci katibi Fatma Yolçuyeva bu ölkədə yaşayan azərbaycanlıları hüquq sahəsində daha fəal olmağa çağırıb və onlara uğurlar arzulayıb.
Qonaqlara Azərbaycan tarixi, bayrağı, Azərbaycan Hüquq Sistemi və Azərbaycanın Konstitusiyası haqqında məlumatlar verilib, interaktiv oyunlar və viktorinalar təşkil olunub.
Tədbir bədii hissə ilə davam edib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Cəmiyyət 2026-11-14 22:15:00