


Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq
Bakı, 12 noyabr, AZƏRTAC
Bilirik ki, qrup mərhələsində son oyunumuzdur. Bundan sonra bir yoldaşlıq görüşümüz qalır və milli komanda üçün bu il oyunlarımız başa çatır. Ən vacib qarşılaşmamıza çıxırıq. Çünki qrup lideri olmaq üçün qələbə qazanmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Divizionunun son turunda Lixtenşteyn yığması ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.
Baş məşqçi rəqib komandanı yaxşı tanıdıqlarını və evdə daha inamlı çıxış etdiklərini bildirib. Buna baxmayaraq, millimizin qarşılaşmaya hazır olduğunu vurğulayıb.
A.Abbasov futbolçuların hazırlıq prosesinə yüksək əhval-ruhiyyədə qoşulduqlarını və çempionatın gərgin dövründə belə yaxşı formada olduqlarını qeyd edib. O, sabah vacib qələbəni qazanacaqlarına inandığını bildirib.
Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan oyunu noyabrın 13-də Vaduts şəhərində keçiriləcək. Estoniyalı hakim Kristo Tohverin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.