×
A
A
A
Sazlamalar

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Afina, 13 noyabr, AZƏRTAC

Azərbaycanın Yunanıstandakı səfirliyi, Yunanıstanda fəaliyyət göstərən Avropa və Amerika Araşdırmaları İnstitutu (RIEAS) və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə Afinada “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və Yunanıstanla enerji tərəfdaşlığı” mövzusunda dəyirmi masa müzakirələri keçirilib.
Dəyirmi masada Yunanıstanın bir sıra ali təhsil müəssisələrinin professor və tələbələri, tədqiqatçılar, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov müasir geosiyasi şərait və davam edən münaqişələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan hazırda 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edir.
O, Cənub Qaz Dəhlizinin və onun mühüm tərkib hissəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) Avropanın enerji təhlükəsizliyindəki roluna xüsusi diqqət yetirib. Qeyd olunub ki, Yunanıstanın təbii qaz tələbatının təxminən 18 faizi Azərbaycan qazı hesabına təmin olunur və Azərbaycan etibarlı təchizatçı, Yunanıstan isə tranzit ölkə kimi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Səfir Azərbaycan-Yunanıstan münasibətlərinin son dövrlərdə yüksəksəviyyəli qarşılıqlı təmaslar və fəal siyasi dialoq sayəsində inkişaf etdiyini bildirib. Bu xüsusda, 2025-ci ilin sentyabrında Prezident İlham Əliyev ilə Baş nazir Kiriakos Mitsotakisin Nyu-Yorkda, 2024-cü ilin noyabrında isə COP 29 çərçivəsində Bakıda görüş keçirdikləri xatırladılıb. Bundan başqa, 2026-cı il 1 oktyabr tarixində Afinada Azərbaycan-Yunanıstan Hökumətlərarası İqtisadi Komissiyasının altıncı iclasının, may ayında isə iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirildiyi qeyd olunub. İkitərəfli siyasi məsləhətləşmələr və qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb. Bununla yanaşı, Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığına və yaşıl enerji ilə bağlı həyata keçirilən layihələrə toxunulub.
RIEAS İnstitutunun təsisçisi və direktoru İoannis Nomikos çıxışında Azərbaycan və Yunanıstan arasında enerji əməkdaşlığının əhəmiyyətindən bəhs edib, bu tərəfdaşlığın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynadığını bildirib.
Azərbaycan–Yunanıstan enerji tərəfdaşlığının əsasını Cənub Qaz Dəhlizi (CQD) və Trans-Adriatik Boru Kəmərinin təşkil etdiyi, TAP vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qazın Avropa bazarlarına çatdırılmasının regionun enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Yunanıstanın Xəzər qazının Cənub-Şərqi və Mərkəzi Avropaya nəqlində tranzit ölkə kimi rolu vurğulanıb. Rusiya–Ukrayna və Yaxın Şərq münaqişələri fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün mühüm alternativ təchizat mənbəyi kimi çıxış etdiyi diqqətə çatdırılıb.
İoannis Nomikos 2026-cı il oktyabrın 1-də Afinada keçirilmiş Azərbaycan-Yunanıstan Hökumətlərarası Birgə Komissiyasının 6-cı iclasına istinad edərək, tərəflərin qaz nəqli imkanlarının artırılması və regional enerji bağlantılarının inkişaf etdirilməsi məsələlərini müzakirə etdiklərini qeyd edib.
BMTMM-nin şöbə müdiri Vasif Hüseynov çıxışında Rusiya–Ukrayna müharibəsi və 2026-cı ildə Hörmüz boğazı ətrafında yaranmış böhran fonunda Azərbaycanın Avropa üçün etibarlı və alternativ enerji təchizatçısı kimi əhəmiyyətinin artdığını vurğulayıb. O, enerji təhlükəsizliyinin yalnız təchizat mənbələrinin deyil, həm də nəql marşrutlarının şaxələndirilməsini tələb etdiyini bildirib.
Azərbaycan qazının Avropaya ixracının 2021-ci ildən bəri 56 faiz artdığını diqqətə çatdıran Vasif Hüseynov 2025-ci ildə Avropaya 12,8 milyard kubmetr qaz tədarük edildiyini qeyd edib. Azərbaycanın Yunanıstanın enerji təhlükəsizliyində mühüm rol oynadığı, 2025-ci ildə bu ölkəyə 1,1 milyard kubmetr, 2026-cı ilin yanvar–avqust aylarında isə təxminən 700 milyon kubmetr təbii qaz ixrac edildiyi bildirilib.
Azərbaycanın bərpaolunan enerji potensialı, COP31 çərçivəsində Antalyada imzalanmış təmiz enerji tərəfdaşlığı sazişi və regional elektrik enerjisi dəhlizlərinin inkişaf perspektivləri barədə məlumat verilib.
Vasif Hüseynov, sonda TAP-ın ötürücülük qabiliyyətinin artırılmasının, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və uzunmüddətli enerji müqavilələrinin bağlanmasının vacibliyini qeyd edib və Azərbaycan–Yunanıstan arasında Hökumətlərarası Birgə Komissiya çərçivəsində strateji enerji dialoqunun qurulmasının əhəmiyyətini vurğulayıb.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Siyasət 2026-11-13 02:13:00