


CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb
Bakı, 12 noyabr, AZƏRTAC
Antalya şəhərində keçirilən BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) nümayəndələri təmiz enerji və dayanıqlı inkişaf sahələrində keçirilən müzakirələrdə iştirak ediblər. Mərkəz beynəlxalq tərəfdaşların təşkil etdiyi tədbirlərdə təmsil olunub, eyni zamanda tərəfdaş qurumlarla birgə panel sessiyalar təşkil edib.
AZƏRTAC xəbər verir ki, Karib Hövzəsi üzrə Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Mərkəzinin (CCREEE) təşkilatçılığı ilə keçirilən tədbirdə gender bərabərliyi, gənclərin iştirakı və inklüziv liderlik vasitəsilə ədalətli enerji keçidi məsələləri müzakirə olunub. Sessiyada texniki bacarıqların inkişafı, mentorluq imkanlarının genişləndirilməsi, qadınların və gənclərin enerji sektorunda iştirakının artırılmasının əhəmiyyəti vurğulanıb.
Dağların İnteqrasiya Olunmuş İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICIMOD) tərəfindən təşkil olunan panel müzakirəsində də CECECO təmsil olunub. Müzakirələrdə qadınların bərpaolunan enerji sahəsində iqtisadi imkanlarının genişləndirilməsi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və qərar qəbuletmə proseslərində iştirakının artırılması diqqət mərkəzində olub.
CECECO, həmçinin Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyinin himayəsi və dəstəyi ilə TÜREB və Qlobal Külək Enerjisi Şurası (GWEC) tərəfindən təşkil olunan “Külək enerjisinə investisiyaların sürətləndirilməsi: COP31 öhdəliklərindən tərəfdaşlıqlara” mövzusunda Nazirlər və İnvestorların plenar iclasında iştirak edib.
Özbəkistan pavilyonunda keçirilən “Gənclərin iqlim fəaliyyəti: gənclərin təşəbbüslərindən praktiki həllərə” adlı interaktiv dialoqda CECECO nümayəndəsi “Yaşıl enerji keçidində gənclərin rolu” mövzusunda çıxış edib. Müzakirələrdə gənclərin yaşıl iqtisadiyyatda peşəkar imkanlara çıxışı, enerji və iqlim siyasətində iştirakı, eləcə də innovasiya və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi xüsusi vurğulanıb.
CECECO-nun COP31 çərçivəsində tərəfdaşları ilə birgə təşkil etdiyi sessiyalar regional enerji bağlantılarının inkişafı və təmiz hidrogenin tətbiqi istiqamətlərinə həsr olunub.
Azərbaycan Respublikasının Energetika Nazirliyi, CECECO, Türkiyə Külək Enerjisi Assosiasiyası (TÜREB) və Qlobal Külək Enerjisi Şurasının (GWEC) birgə əməkdaşlığı ilə baş tutan “Yaşıl enerji dəhlizləri və regional bağlantılar: elektrikləşmə üzrə əməkdaşlığın gücləndirilməsi” adlı sessiyada transsərhəd enerji təşəbbüsləri, regional bağlantılar və investisiya əməkdaşlığı müzakirə olunub. CECECO-nun regional dialoqun təşviqi, tərəfdaşlıqların qurulması və institusional potensialın gücləndirilməsindəki rolu diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və CECECO-nun birgə təşəbbüsü ilə keçirilən “Öhdəliklərdən icraya: təmiz hidrogenin tətbiqinin sürətləndirilməsi” panel sessiyasında COP29 zamanı qəbul edilmiş Hidrogen Bəyannaməsindən sonra qlobal hidrogen gündəliyində əldə olunan irəliləyişlər və praktiki icra mərhələsinin əhəmiyyəti müzakirə edilib. Azərbaycanda aşağı karbonlu hidrogen sektorunun inkişaf perspektivləri, Hidrogen üzrə Milli Strateji Baxış sənədinin icra planının hazırlanması, hidrogen bazarının formalaşdırılması, normativ-hüquqi çərçivənin yaradılması və investisiyaların cəlbi ilə bağlı fikir mübadiləsi aparılıb. Sessiya çərçivəsində CECECO tərəfindən hazırlanmış “Hydrogen Knowledge Guide: Key Terms and Definitions” nəşri də təqdim olunub.