


Milli Dram Teatrında “İki aktrisa üçün baş rol” tamaşanın məşqlərinə başlanılıb
Bakı, 12 noyabr, AZƏRTAC
Akademik Milli Dram Teatrında Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a teatrdan məlumat verilib.
Bildirilib ki, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yeni tamaşa münasibətilə yaradıcı heyəti təbrik edib, uğurlar arzulayıb.
Tamaşada Xalq artistləri Bəsti Cəfərova, Cəfər Əhmədov, Sabir Məmmədov və aktrisa Güney Əliyeva iştirak edirlər. Yeni səhnə əsərinin quruluşçu rejissoru və səhnə tərtibatçısı Əməkdar incəsənət xadimi Bəhram Osmanov, geyim üzrə rəssamı Aygün Mahmudova, musiqi tərtibatçısı Orxan Murtuzov, rejissor assistenti Fəridə Zülfüqarlıdır.
Tamaşa teatral komediya janrında yazılsa da, daha çox gərgin dramatizmi ilə seçilir və teatr həyatından bəhs edir. Cəmi dörd personajın iştirak etdiyi səhnə əsərində sehrli dünya olan teatr sənətinin əsas yaradıcıları - aktyor, dramaturq və rejissor arasında baş verən mürəkkəb-psixoloji münasibətlər əksini tapıb. Bu dörd nəfəri çox şey birləşdirir, amma ən vacibi və daimi olanı məhz sənət, teatr yanğısı və böyük səhnəyə məhəbbətdir.