×
A
A
A
Sazlamalar

“Bərabər İmkanlar” layihəsi çərçivəsində inklüziv cəmiyyətin inkişafına həsr olunmuş görüş təşkil edilib

Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə “Bərabər İmkanlar” layihəsi çərçivəsində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzində təşkil olunub.
Layihənin rəhbəri və təşəbbüskarı Elnar Musayev tərəfindən irəli sürülən “Bərabər İmkanlar” layihəsinin əsas məqsədi görmə məhdudiyyətli şəxslərin hüquq və imkanlarının təşviqi, cəmiyyətdə inklüzivlik prinsiplərinin gücləndirilməsi, əlçatan mühit və informasiya imkanlarının genişləndirilməsi, eləcə də dövlət və ictimai qurumlar arasında əməkdaşlığın təşviqidir.
Tədbirdə çıxış edən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev layihənin əhəmiyyətindən bəhs edib. O, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşəbbüsə dəstəyindən, görmə məhdudiyyətli şəxslər üçün ölkəmizdə yaradılan imkanlardan və perspektivlərdən danışıb, həmçinin Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzinin bu sahədəki əhəmiyyətini vurğulayıb.
Layihənin rəhbəri Elnar Musayev layihənin yaranma zərurəti, əsas məqsədləri, fəaliyyət istiqamətləri, həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər və gələcək hədəfləri barədə ətraflı məlumat verib. Müsahibə formatında baş tutan çıxışda bərabər imkanların yaradılması, inklüziv yanaşmanın təşviqi və cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov inklüziv cəmiyyətin inkişafı və bərabər imkanların təşviqi ilə bağlı fikirlərini bölüşüb.
5 saylı Respublika Xüsusi İnternat Məktəbinin direktoru İradə Vəzirova çıxışında xüsusi təhsil müəssisələrinin inklüziv cəmiyyətin formalaşmasındakı rolu, təhsil imkanları və bu istiqamətdə görülən işlərdən bəhs edib.
Tədbirin digər çıxışçısı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru dosent Davud Davudov təhsil mühitində bərabər imkanların təmin olunması və inklüziv yanaşmanın əhəmiyyətinə toxunub.
Görüş çərçivəsində iştirakçılar müasir avadanlıqlarla təchiz olunmuş Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzinin fəaliyyəti, Brayl əlifbası ilə çap və oxu imkanları, xüsusi nəşrlər, informasiya resursları və görmə məhdudiyyətli şəxslər üçün yaradılmış əlçatanlıq şəraiti ilə tanış olublar.
Tədbirdə bərabər imkanların təşviqi, əlçatan mühitin əhəmiyyəti, inklüziv cəmiyyətin inkişafı və bu sahədə dövlət və ictimai qurumlar arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
“Bərabər İmkanlar” layihəsi gələcəkdə də inklüziv cəmiyyətin inkişafına, ictimai maarifləndirməyə və bərabər imkanların təşviqinə yönəlmiş təşəbbüslərlə fəaliyyətini davam etdirməyi hədəfləyir.

Müxbir- Günel Türksoy
Fotoqraf- Səfiyar Məcnun

Cəmiyyət 2026-11-12 16:40:00