×
A
A
A
Sazlamalar

Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixi üçün yeni elmi mənbə

Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Rəna İskəndərlinin “Şəmsəddin Saminin “Qamusul-elam” əsərində Azərbaycan müəllifləri haqqındakı mətnlərin uyğun mənbələrlə müqayisəli təhlili” monoqrafiyası işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Əsər Tənzimat dövrünün tanınmış türk müəllifi, leksikoqrafı Şəmsəddin Saminin (1850-1904) “Qamusul-elam” lüğətində yer alan azərbaycanlı ədib və şairlərlə bağlı mətnlərə həsr olunub. Əsərin yazılmasında müxtəlif dillərdə yazılmış mənbə və ədəbiyyatdan istifadə olunub. Monoqrafiya Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixinin, o cümlədən mədəniyyətinin öyrənilməsində faydalı mənbə ola bilər.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Azadə Musayeva, rəyçiləri filologiya elmləri doktoru, professor Raqub Kərimov və filologiya elmləri doktoru, dosent Nailə Səmədovadır.

Elm və təhsil 2026-11-12 16:39:00