


NDU-nun tələbəsi kibertəhlükəsizlik üzrə təhsilini Avstraliyada davam etdirəcək
Naxçıvan, 12 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) II kurs tələbəsi Əşrəf İsmayılov Avstraliyanın Wollongong Universitetinin Dubay kampusuna qəbul olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, o, təhsilini kibertəhlükəsizlik ixtisası üzrə davam etdirəcək. SAT imtahanından 1380, IELTS imtahanından isə 7.0 bal toplayan Əşrəf İsmayılov xaricdə qazandığı bilik və təcrübəni Azərbaycanda tətbiq etməyi, eləcə də təhsil aldığı universitetlə əməkdaşlıq etməyi qarşısına məqsəd qoyub. Xüsusilə texnologiya, informasiya təhlükəsizliyi və müasir rəqəmsal sistemlərə böyük maraq göstərən Əşrəfin sözlərinə görə, müasir dövrdə insan daim öyrənməli, yenilikləri izləməli və öz üzərində işləməlidir: “Naxçıvan Dövlət Universitetinin mənim həyatımda xüsusi yeri var. İlk akademik addımlarımı məhz bu universitetdə atmışam. Burada qazandığım bilik və təcrübə gələcək hədəflərimi müəyyənləşdirməyimdə mühüm rol oynayıb. Beynəlxalq təcrübə əldə etdikdən sonra NDU ilə əlaqələrimi qorumaq, universitetlə əməkdaşlıq etmək və onun inkişafına öz töhfəmi vermək istərdim”.
Xaricdə təhsil almaq qərarının texnologiya sahəsinə olan marağından qaynaqlandığını deyən Əşrəf kibertəhlükəsizlik ixtisasını seçməsinin əsas səbəbinin texnologiyanın sürətlə inkişaf etməsi və rəqəmsal təhlükəsizliyin dünya miqyasında getdikcə daha böyük əhəmiyyət qazanması olduğunu vurğulayıb.
Beynəlxalq universitetə qəbul prosesində SAT və IELTS imtahanlarının nəticələrinin mühüm rol oynadığını bildirən tələbə deyib: “Bu nəticələrə nail olmaq üçün sistemli şəkildə hazırlaşmışam. SAT hazırlığı zamanı riyazi düşünmə və analitik bacarıqlarımı, IELTS üzrə isə oxu, yazı, dinləmə və danışıq vərdişlərimi inkişaf etdirməyə çalışmışam. Hazırlıq prosesi müəyyən çətinliklər yaratsa da, məqsədimə çatmaq üçün səylə çalışmışam”.
Gələcək planlarından danışan Əşrəf Azərbaycana qayıtmağı və xaricdə qazandığı bilikləri ölkəmizdə tətbiq etməyi nəzərdə tutduğunu bildirib. O, xaricdə təhsili yalnız fərdi karyera qurmaq imkanı deyil, həm də beynəlxalq təcrübə qazanmaq fürsəti kimi qiymətləndirir. Xüsusilə kibertəhlükəsizlik sahəsində qabaqcıl ölkələrin təcrübəsini öyrənərək əldə etdiyi bilikləri gələcəkdə Azərbaycanın inkişafına yönəltmək istəyir.
Müxbir- Nail Əsgərov