×
A
A
A
Sazlamalar

London İmperial Kollecinə gedən yol: azərbaycanlı tələbənin uğur hekayəsi - MÜSAHİBƏ

London, 12 noyabr, AZƏRTAC

Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan London İmperial Kollecində (Imperial College London) strateji marketinq ixtisası üzrə magistratura təhsili alan azərbaycanlı gənc Ayan Süleymanova gələcəkdə qazandığı bilik və təcrübəni Azərbaycanın biznes və marketinq sektorunun inkişafına yönəltməyi hədəfləyir.
ADA Universitetinin məzunu olan Ayan Süleymanova hazırda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alır. O, AZƏRTAC-a müsahibəsində Böyük Britaniyada təhsil imkanları, London İmperial Kollecinin tədris sistemi, Dövlət Proqramının peşəkar inkişafındakı rolu, süni intellektin marketinq sahəsinə təsiri, eləcə də Azərbaycan şirkətlərinin beynəlxalq bazarlarda tanıdılması və gələcək karyera hədəfləri barədə danışıb.
-Ayan xanım, təhsil yolunuz necə başlayıb və sizi Böyük Britaniyada təhsil almağa nə təşviq edib?
-Bakalavriat təhsilimi ADA Universitetində biznesin idarə edilməsi ixtisası üzrə almışam. Böyük Britaniya kimi güclü akademik və beynəlxalq mühitə malik bir ölkədə, xüsusilə aparıcı təhsil və biznes mərkəzi olan Londonda təhsil almaq uzun müddətdir məqsədim olub. Bu məqsədimin arxasında isə beynəlxalq təcrübə qazanıb dünyagörüşümü genişləndirmək və marketinq kimi sürətlə dəyişən bir sahədə bacarıqlarımı belə bir mühitdə daha da inkişaf etdirmək istəyi dayanıb.
-Nə üçün məhz strateji marketinq ixtisasını seçmisiniz? Bu sahəyə marağınız necə yaranıb?
-Marketinqə ilk marağım bakalavriat təhsilimin son kursunda seçdiyim fənlər və istehlakçı davranışı üzrə hazırladığımız elmi araşdırma layihəsi zamanı yaranmışdı. Daha sonra ”Azercell Telekom”da Marketinq kommunikasiyaları departamentində təcrübəçi kimi çalışdım və bu korporativ təcrübəm artıq karyeramı marketinqdə qurmaq qərarımı netləşdirdi. Magistratura təhsilimi sırf bu sahədə almağımın səbəbi isə ixtisasın marketinqə geniş və strateji mövqelərdən yanaşmasıdır. Tədris olunan bazar təhlili, rəqabət strategiyası və brendin dataya əsaslanaraq mövqeləndirilməsi kimi fənlər gördüyümüz ənənəvi marketinqdən tamamilə fərqlənir və marketinqin biznes üçün nə qədər vacib olduğunu dərindən göstərir.
- London İmperial Kollecindəki təhsil sistemi və tələbələrə yaradılan imkanlar barədə nə deyə bilərsiniz?
-İlk növbədə, qeyd edərdim ki, buradakı təhsil sistemi Azərbaycandakı bir çox universitetin ənənəvi sistemindən çox fərqlənir. ADA Universitetinin tədris modelinə kifayət qədər yaxın olsa da, daha intensiv və praktikidir. Proqram 1 illik intensiv tədris modelinə əsaslanıb və prosesinin hər bir mərhələsi real biznes nümunələri, “case study”lər, araşdırmalar və dataya əsaslanan təhlillər üzərində qurulub. Tələbə olaraq hazır məlumatı mənimsəməkdən daha çox, bizdən araşdırma aparmağı, tənqidi düşünməyi və öz mövqelərimizi əsaslandırmağı tələb edirlər. Bu kurikulumla yanaşı, qlobal şirkətlərin nümayəndələri ilə görüşlər, qonaq spikerlərin çıxışları, seminarlar və müxtəlif tədbir/yarışlar kimi imkanlar mövcuddur.
- Kollecdə təhsil almaq üçün qəbul prosesi necə keçdi? Bu universitetdə təhsil almaq istəyən azərbaycanlı gənclərə hansı tövsiyələri verərdiniz?
-Həm universitetə qəbul, həm də Dövlət Proqramının seçim prosesi ümumilikdə təxminən bir il çəkdi. Keçən payız ayları onlayn müraciət, sənədlərin toplanması, IELTS hazırlığı və müsahibəmərhələsini uğurla tamamlayaraq, 3-4 ay davam edən yolun sonunda universitetdən qəbul aldım. Daha sonra qəbul sənədim əsasında Dövlət Proqramına müraciət etdim və seçim
prosesinin bütün digər mərhələlərini tamamladım, ən vacibi isə müsahibə mərhələsinə gecə-gündüz hazırlaşandan sonra iştirak edib uğur qazandım. Gənclərə tövsiyəm bundan ibarətdir ki, akademik göstəricilərinizlə yanaşı, iş təcrübənizə, motivasiya məktublarınıza və müsahibə hazırlığına xüsusi diqqət yetirin. Ən əsası, qarşınıza qoyduğunuz məqsədə inanın və çətinliklər qarşısında baş əyməyin, çünki uğurlu nəticəyə aparan yolda hazırlaşmağınız qədər özünəinam vacib rol oynayır.
-Son illərdə süni intellekt marketinq sahəsini sürətlə dəyişir. Sizcə, süni intellektin inkişafı gələcəkdə marketinq mütəxəssislərinin fəaliyyətinə necə təsir göstərəcək?
-Əlbəttə, süni intellekt digər sahələrdə olduğu kimi, marketinqi də sürətlə dəyişir. Düzgün istifadə edildikdə, marketinq mütəxəssislərinin işini xeyli asanlaşdıran və daha effektiv edən güclü bir vasitədir. Məsələn, məlumatların təhlili, rutin tapşırıqlar və proseslərin avtomatlaşdırılması kimi işləri həvalə edib fokusu digər işlərə verməyə imkan verir. Lakin istehlakçını anlamaq, yaradıcı ideyalar irəli sürmək və strateji qərarlar vermək hələ də insan düşüncəsi və təcrübəsi tələb edir və hər zaman edəcək. Burada əsas məsələ süni intellektlə rəqabət aparmaq deyil, ondan düzgün istifadə etməyi bacarmaqdır.
-Sosial media və rəqəmsal platformaların inkişafı şirkətlərin marketinq strategiyalarını necə dəyişib? Sizcə, ənənəvi reklam üsulları gələcəkdə öz əhəmiyyətini qoruyub saxlayacaqmı?
-Bu gün demək olar bütün şirkətlər öz marketinq fəaliyyətlərini rəqəmsal kanallar üzərində həyata keçirir, çünki daha dəqiq auditoriya hədəfləməyə, nəticələri ölçməyə və istehlakçılarla birbaşa ünsiyyət qurmaq imkanı verir. Lakin mən hesab edirəm ki, ənənəvi reklam alətləri də uzun illər hələ də aktuallığını qoruyacaq. Küçədə olarkən rəqəmsal platforma istifadə etməyən bir insan belə billboardda gördüyü reklamla qarşılaşa və həmin brendi xatırlaya bilər və bu gün brendin olduğu yerə getmək istəyər. Amma burada məhsulun öz xarakteristikası, həmçinin hədəf auditoriya da rol oynayır. Məncə, gələcəyin uğurlu marketinq strategiyası məhsula uyğun hər iki kanalın düzgün inteqrasiyasına əsaslanmalıdır.
-Universitetdə təhsiliniz müddətində real şirkətlərlə işləmək, marketinq strategiyaları hazırlamaq və ya praktiki layihələrdə iştirak etmək imkanınız olubmu?
-Artıq 3 aya yaxındır ki, kollecin intensiv dərslərində iştirak edirəm və bu müddət ərzində qrup işi kimi bir sıra praktiki layihələrdə iştirak etmişəm. Məsələn, keçən həftə İngiltərə bazarında fəaliyyət göstərən bir brend üçün yeni məhsul xəttinin bazara çıxarılmasına dair marketinq strategiyası hazırlayıb bu istiqamətdə araşdırma və yekun hesabat üzərində işlədik. Qarşıdakı aylarda isə şirkətlərlə əməkdaşlıq çərçivəsində konsaltinq layihələri və digər praktiki fəaliyyətlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm.
-Siz Azərbaycan Dövlət Proqramının təqaüdçüsüsünüz. Bu proqramın xaricdə təhsil almağınızda və peşəkar inkişafınızda rolu nədən ibarətdir?
-Dünyanın ən yaxşı ikinci universitetində magistratura təhsili almaq yolumda Dövlət Proqramının rolu çox
böyükdür. Məhz bu proqramın dəstəyi sayəsində London İmperial Kolleci kimi nüfuzlu bir universitetdə təhsil almaq imkanı əldə etmişəm. Təhsil və yaşayış xərclərimin qarşılanması, aylıq təqaüd təminatı mənə maddi məsələlərdən daha çox akademik və peşəkar inkişafıma fokuslanmağa şərait yaradır. Bununla yanaşı, xaricdə təhsil alan bir gənc olaraq, ölkəmi təmsil
etmək və Azərbaycan haqqında müsbət təəssürat formalaşdırmaq məsuliyyətini də olduqca hiss edirəm. Hətta xarici qrup yoldaşlarımla söhbətlərdə Dövlət Proqramından bəhs etdikdə, gənclərə yaradılan bu imkanın nə qədər dəyərli olduğunu xüsusi vurğulayırlar. Həqiqətən, bu proqram gənclərə yalnız təhsil deyil, gələcək üçün böyük perspektivlər qazandırır.
-Sizcə, Böyük Britaniyada əldə etdiyiniz bilik və təcrübə Azərbaycanın biznes və marketinq sektorunun inkişafına necə töhfə verə bilər?
-Azərbaycan bazarı xüsusilə son illərdə rəqəmsal transformasiya və ekosistem inkişafı baxımından sürətlə dəyişir və inkişaf edir. Son 3 ayda Londonda həm təhsil müddətində, həm də dərsdənkənar fəaliyyətlərimdə burada inkişaf etmiş və rəqabətli biznes mühitini yaxından müşahidə edirəm. Buradakı biznes modellərinin, rəqəmsal həllərin və istehlakçı davranışlarının nə qədər sürətlə dəyişdiyini və şirkətlərin buna necə uyğunlaşdığını görürəm. Artıq indidən bu təcrübələrin Azərbaycanda hansı istiqamətlərdə tətbiq oluna biləcəyi barədə düşünürəm, çünki məqsədim burada qazandığım bilik və təcrübəni ölkəmizin inkişaf edən rəqəmsal ekosisteminə uyğunlaşdıraraq töhfə verməkdir.
-Azərbaycan şirkətlərinin beynəlxalq bazarlarda daha geniş tanınması üçün hansı marketinq strategiyalarından istifadə etməsi daha məqsədəuyğun olardı?
-İlk növbədə, Azərbaycan şirkətləri beynəlxalq bazara çıxmazdan əvvəl hədəf bazarı və istehlakçı davranışlarını dərindən araşdırmalıdırlar. Çünki hər bazarın özünəməxsus ehtiyacları, istəkləri, və seçimləri var və marketinq strategiyası da buna uyğun qurulmalıdır. Həmçinin, rəqəmsal marketinq, data analitikası və süni intellekt alətlərindən istifadə edərək daha dəqiq auditoriya hədəfləməsi və fərdiləşdirilmiş kommunikasiya qurmaq vacibdir. Bununla yanaşı, şirkətlər öz məhsullarının fərqləndirici xüsusiyyətlərini düzgün mövqeləndirməli və beynəlxalq bazarda güclü və etibarlı bir brend imici formalaşdırmalıdırlar.
-Azərbaycan son illərdə beynəlxalq tədbirlərə ev sahibliyi edir və turizm potensialını tanıtmağa çalışır. Sizcə, ölkəmizin beynəlxalq imicinin və milli brendinin gücləndirilməsi üçün hansı addımlar atılmalıdır?
-Düşünürəm ki, artıq Azərbaycan bu sahədə çox güclü addımlar atıb və hazırda atmağa da davam edir. Daha gücləndirmək üçün, zəngin mədəni irsimiz, təbiətimiz, milli yeməklərimiz, müasir infrastrukturumuz və qonaqpərvərliyimiz vahid milli brend strategiyası çərçivəsindətəqdim olunmalıdır. Bunun üçün beynəlxalq media, sosial şəbəkələr və rəqəmsal marketinq
imkanlarından daha effektiv istifadə etmək vacibdir. Eyni zamanda, ölkənin tanıdılması yalnız reklamla məhdudlaşmamalı, turistlərin real təcrübəsi də təqdim olunan bu imiclə üst-üstə düşməlidir. Çünki güclü milli brend yalnız tanınmaqla deyil, yadda qalmaq və müsbət təəssürat yaratmaqla formalaşır.
-Magistratura təhsilinizi başa vurduqdan sonra hansı istiqamətdə fəaliyyət göstərməyi planlaşdırırsınız? Gələcək karyera hədəfləriniz nələrdir?
-Məzun olduqdan sonra karyeramı innovasiyaya, rəqəmsal transformasiyaya, və biznes ekosistemlərində önəm verən genişmiqyaslı korporativ şirkətlərdə davam etdirməyi planlaşdırıram. Xüsusilə, məhsul marketinqi sahəsində ixtisaslaşmaq və özümü bu istiqamətdə inkişaf etdirmək istəyirəm. Bu sahədə məni cəlb edən əsas məqam məhsulun inkişafından onun bazara təqdimatına və mövqeləndirilməsinə qədər müxtəlif proseslərdə iştirak etmək, eyni zamanda, marketinq, məhsul, satış və digər komandalarla sıx əməkdaşlıq etməkdir. Uzunmüddətli hədəfim isə strateji qərarların formalaşdırılmasında və şirkətlərin davamlı böyüməsində aktiv rol oynayan bir mütəxəssis olmaqdır.
-Xaricdə təhsil almaq və xüsusilə London İmperial Kolleci imi nüfuzlu universitetlərə qəbul olmaq istəyən azərbaycanlı gənclərə hansı məsləhətləri verərdiniz?
-Mən də bir zamanlar bu gün mənə sual verən gənclər kimi xaricdə təhsil almağı arzulayır və bu prosesin mənim üçün nə qədər çətin olacağını düşünürdüm. Lakin heç vaxt məqsədimdən vaz keçmədim. İlk tövsiyəm özünüzü və hədəflərinizi yaxşı tanımağınız, hansı sahədə təhsil almaq istədiyinizi dəqiq müəyyənləşdirməyiniz və bu istiqamətdə ətraflı araşdırma aparmağınızdır. Güclü və inkişaf etdirməli olduğunuz tərəflərinizi düzgün qiymətləndirərək özünüz üçün konkret yol xəritəsi qurun. Ən əsası, çətinliklərdən qətiyyən qorxmayın və bunun sizin motivasiyasınızı azaltmağına imkan verməyin. Özünüzə inanın, qarşınıza böyük hədəflər qoyun və həmin hədəflərə çatmaq üçün çalışın. Bu gün sizə əlçatmaz görünən bir məqsəd sabah həyatınızın ən böyük nailiyyətinə çevrilə bilər.

 

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

London

Elm və təhsil 2026-11-12 16:23:00