×
A
A
A
Sazlamalar

Dakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib

Bakı, 12 noyabr, AZƏRTAC
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarları müəyyənləşib.
Milli Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə Azərbaycanın üçrəngli bayrağını gender bərabərliyinə görə boksçumuz Gülər Hüseynova (51 kiloqram) və Oyunların taekvondo yarışlarının gümüş mükafatçısı Adil Kazımlı (-73 kiloqram) daşıyacaqlar.
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi Atletlər Kəndindəki "Village Plaza”da keçiriləcək. Mərasim noyabrın 13-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan Bayrağını üzgüçülərimiz - III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdı.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 5 medal var. İdmançılarımızdan cüdoçu İbrahim Talıbov (-55 kiloqram), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kiloqram) və Elgün Kərimli (90 kiloqram) qızıl medallara sahib çıxıblar.
Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kiloqram) və taekvondoçumuz Adil Kazımlı (-73 kiloqram) isə Oyunları gümüş medalla başa vurublar.

 

İdman 2026-11-12 13:57:00