


Azərbaycan və Böyük Britaniya təqvimlərinin müqayisəli təhlili: Kelt ənənələrindən Novruza qədər
Bakı, 11 noyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində elmi seminar keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa İbrahim “Azərbaycan və Böyük Britaniyada təqvimlərin formalaşma mərhələləri” mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Seminarda təqvimlərin meydana gəlməsi və tarixi inkişaf mərhələləri, onların astronomik müşahidələr, təsərrüfat həyatı, dini dünyagörüşü və xalq inancları ilə qarşılıqlı əlaqəsi müqayisəli aspektdə təhlil olunub. Qeyd edilib ki, təqvimlər yalnız zamanın hesablanması və mövsümlərin müəyyənləşdirilməsi vasitəsi deyil, həm də xalqların tarixi yaddaşını, mədəni kimliyini, dünyagörüşünü və ənənəvi həyat tərzini özündə əks etdirən mühüm mədəni-mənəvi sistemlərdir. Mövzunun aktuallığı Azərbaycan və Böyük Britaniya xalqlarının təqvim mədəniyyətinin müqayisəli şəkildə öyrənilməsinin hər iki xalqın tarixi-mədəni inkişaf xüsusiyyətlərinin, zaman anlayışının formalaşmasının, mövsümi mərasimlərin və xalq ənənələrinin ortaq və fərqli cəhətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti ilə şərtlənir. Xüsusilə qədim türk təqvim sistemi, 12 illik heyvan təqvimi, Novruz ənənələri, eləcə də Böyük Britaniyada mövcud olmuş qədim Kelt təqvim ənənələri və mövsüm mərasimləri müqayisəli folklorşünaslıq baxımından diqqətəlayiq tədqiqat istiqamətləri kimi dəyərləndirilib. Seminarda vurğulanıb ki, təqvimlərin tarixi və folklorik xüsusiyyətlərinin araşdırılması xalqların təbiət, zaman və kosmik nizam haqqında təsəvvürlərinin öyrənilməsinə, həmçinin ənənəvi mədəniyyətin qorunması və müqayisəli folklorşünaslıq tədqiqatlarının genişləndirilməsinə mühüm töhfə verir.
Daha sonra şöbənin böyük elmi işçisi Mətanət Xəlilova “Məişət mərasimlərində ritual yeməklərinin semantikası” mövzusunda məruzə edib. Seminarda ənənəvi Azərbaycan məişət mərasimlərində yeməklərin yeri və funksiyası, onların simvolik məzmunu, ritual-mərasim sistemində daşıdığı semantik yük və xalqın etnokulturoloji yaddaşında qorunan mənaları müzakirə olunub. Qeyd edilib ki, ritual yeməkləri yalnız qidalanma vasitəsi deyil, həm də insanların dünyagörüşünü, sosial münasibətlərini, inanc və təsəvvürlərini ifadə edən mühüm folklorik-mədəni göstəricilərdir.