


Edinburqdan Oksforda, oradan Sauthemptona: azərbaycanlı gənc tədqiqatçının elm yolu - MÜSAHİBƏ
London, 11 noyabr, AZƏRTAC
Azərbaycanlı gənclər dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaqla yanaşı, ölkəmizin elmi və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına da töhfə verirlər. Belə gənclərdən biri də Böyük Britaniyanın Sauthempton Universitetində doktorantura təhsili alan Cavahir Ələkbərlidir.
Edinburq və Oksford universitetlərində magistratura təhsili almış Cavahir Ələkbərli hazırda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan xalçaçılığında qadın əməyinin rolu və xalçalarımızın beynəlxalq təqdimatının mədəni irs diplomatiyası ilə əlaqəsini araşdırır.
AZƏRTAC-ın müxbirinə müsahibəsində gənc tədqiqatçı elmi fəaliyyətindən, Azərbaycan xalçaçılığının dünyada tanıdılması imkanlarından, xaricdə təhsilin üstünlüklərindən və qazandığı bilikləri ölkəmizin inkişafına yönəltmək istiqamətində gələcək planlarından danışıb.
-Cavahir xanım, ilk olaraq özünüz haqqında məlumat verməyinizi istərdik. Təhsil yolunuz necə başlayıb və sizi Böyük Britaniyada doktorantura təhsili almağa nə təşviq edib?
-Ali təhsil yolum 2019-cu ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində təhsil almaqla başlayıb. Təhsillə yanaşı, gənclər təşkilatlarında və beynəlxalq layihələrdə fəal iştirak etmişəm. 2021-ci ildə İstanbulda Türk Şurası Media Forumunda, 2022-ci ildə Misirdə Dünya Gənclər Forumunda Azərbaycanı təmsil etmişəm. 2023-cü ildə Şuşa Qlobal Media Forumunun təşkilində iştirak etmiş və çıxışçı olmuşam, 2024-cü ildə Brüsseldə Avropa Gənclər Forumunda Azərbaycanı təmsil etmişəm. 2023–2024-cü illərdə Dövlət Proqramının dəstəyi ilə Edinburq Universitetində dövlət siyasəti, 2024–2025-ci illərdə isə Oksford Universitetində Miqrasiya siyasəti üzrə magistratura təhsili almışam. Daha sonra Azərbaycana qayıtmış və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində dövlət qulluqçusu kimi çalışmışam. Həmçinin Bakı Dövlət Universitetində sosial siyasət, miqrantlarla sosial iş və digər fənləri tədris etmişəm.

2026-cı ilin sentyabrından Sauthempton Universitetində coğrafiya sahəsi üzrə Dövlət Proqramı vasitəsilə doktorantura təhsili alıram. Doktoranturaya başlamaqda məqsədim Azərbaycanın mədəni irs diplomatiyasının araşdırılmasıdır. Edinburqda dövlət siyasəti, Oksfordda isə miqrasiya üzrə qazandığım biliklər bu mövzuya müxtəlif tərəflərdən yanaşmağıma imkan verir. Böyük Britaniyada təhsilimi davam etdirmək qərarım da həmin akademik hazırlığı Azərbaycanla bağlı konkret tədqiqata çevirmək istəyimdən irəli gəlib.
-Hazırda Sauthempton Universitetində coğrafiya sahəsi üzrə doktorantura təhsili alırsınız. Tədqiqatınız konkret olaraq hansı mövzuya həsr edilib və bu istiqaməti seçməyinizin əsas səbəbi nədir?
- Tədqiqatım Azərbaycan xalçaçılığında qadın əməyinə və xalçaların beynəlxalq təqdimatının mədəni irs diplomatiyası ilə əlaqəsinə həsr olunub. Məqsədim xalçalarımızın xaricdə tanıdılması ilə onları yaradan qadınların əməyinin qiymətləndirilməsi və rifahı arasındakı əlaqəni öyrənməkdir.
-Araşdırmanızın elmi və praktiki əhəmiyyəti nədən ibarətdir? Tədqiqatınızın nəticələri gələcəkdə hansı problemlərin həllinə töhfə verə bilər?
- Araşdırmanın əsas töhfəsi Azərbaycan xalçalarının mədəni irs diplomatiyasında rolunu öyrənməkdir. Nəticələr xalçalarımızın xarici muzey və sərgilərdə təqdimatının təkmilləşdirilməsinə, Azərbaycan mənşəyinin və sənətkarlarımızın töhfəsinin daha aydın tanıdılmasına, beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsinə kömək edə bilər.
-Siz xaricdə təhsil üzrə Azərbaycan Dövlət Proqramının təqaüdçüsüsünüz. Bu proqramın akademik və şəxsi inkişafınızda rolu nədən ibarətdir?
-“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın dəstəyi ilə Edinburq Universitetində dövlət siyasəti üzrə magistratura təhsili almışam. Bu dəstək təhsilimin maliyyələşdirilməsinə, tədqiqat bacarıqlarımın inkişafına və beynəlxalq akademik əlaqələr qurmağıma imkan yaradıb. Xaricdə təhsil müstəqil işləmək və fərqli mühitə uyğunlaşmaq bacarıqlarımı da gücləndirib. Qazandığım bilikləri Bakı Dövlət Universitetində tədris fəaliyyətimdə tətbiq etmişəm və gələcəkdə Azərbaycanla bağlı elmi araşdırmalarımda istifadə etməyi hədəfləyirəm.

-Sizcə, xaricdə təhsil alan azərbaycanlı gənclər əldə etdikləri bilik və təcrübəni Azərbaycanın inkişafına necə yönəldə bilərlər?
- Məncə, bunun ən səmərəli yolu Azərbaycanda konkret ehtiyacı müəyyənləşdirib qazandığımız bilikləri onun həllinə yönəltməkdir. Məsələn, dövlət siyasəti üzrə təhsil alan gənclər sosial proqramların nəticələrinin qiymətləndirilməsinə, texnologiya sahəsində ixtisaslaşanlar dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına, sahibkarlıq üzrə hazırlığı olanlar isə yerli müəssisələrin xarici bazarlara çıxışına töhfə verə bilərlər. Burada xarici təcrübənin yerli şəraitə uyğunlaşdırılması vacibdir. Universitetlər arasında əməkdaşlıq da konkret nəticələr verə bilər. Xaricdəki elmi rəhbərlərimiz və həmkarlarımızla əlaqələrdən istifadə edərək Azərbaycan universitetləri ilə birgə tədqiqat təklifləri hazırlamaq, beynəlxalq qrant müsabiqələrinə müraciət etmək və tələbələr üçün tədqiqat metodları üzrə seminarlar təşkil etmək mümkündür. Öz təcrübəmdə Edinburq və Oksfordda qazandığım bilikləri Bakı Dövlət Universitetində sosial siyasət və miqrantlarla sosial iş fənlərinin tədrisində bölüşmüşəm. Hazırkı tədqiqatım vasitəsilə isə Azərbaycan xalçaçılığının beynəlxalq təqdimatı və qadın sənətkarların əməyinin tanıdılması barədə praktiki təkliflər hazırlamağı hədəfləyirəm. Hesab edirəm ki, xaricdə təhsilin ölkəmizə faydası belə konkret işlərdə - tələbəyə ötürülən bacarıqda, birgə elmi layihədə və yerli ehtiyaca cavab verən təklifdə özünü göstərir.
-Tədqiqat sahəniz üzrə əldə etdiyiniz biliklərin Azərbaycanda tətbiqi imkanlarını necə görürsünüz? Gələcəkdə Azərbaycan universitetləri və elmi müəssisələri ilə əməkdaşlıq etməyi planlaşdırırsınızmı?
- Tədqiqat nəticələrinin Azərbaycanda xalçaçılıq müəssisələri, muzeylər və mədəni irsin beynəlxalq təqdimatı ilə məşğul olan qurumlar üçün faydalı olacağını düşünürəm. Məsələn, xarici sərgilərdə xalçaların mənşəyi, hazırlanma prosesi və onları yaradan sənətkarlar haqqında məlumatların təqdimatı üzrə tövsiyələr hazırlamaq mümkündür. Bu, Azərbaycan xalçaçılığının daha dolğun tanıdılmasına və mədəni irs diplomatiyasında istifadəsinə töhfə verə bilər.
Azərbaycan universitetləri və elmi müəssisələri ilə əməkdaşlıq etməyi planlaşdırıram. Bakı Dövlət Universitetindəki müəllimlik təcrübəmi davam etdirərək mədəni irs, qadın əməyi və tədqiqat metodları üzrə seminarlar keçirmək, həmkarlarımla birgə məqalələr və layihələr hazırlamaq istərdim. Azərbaycan və Böyük Britaniyadakı tədqiqatçılar arasında ortaq araşdırmaların qurulmasına da maraq göstərirəm.
-Böyük Britaniyada yaşayan və təhsil alan azərbaycanlı tələbələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində hansı təşəbbüslər həyata keçirilir?
- Böyük Britaniyada azərbaycanlı tələbələr arasında əlaqələrin qurulmasında ASAP, Azərbaycan Respublikasının Gənclər Fondu, diaspor təşkilatları və universitetlərdəki Azərbaycan cəmiyyətləri mühüm rol oynayır. Bu platformalar vasitəsilə keçirilən görüşlər, mədəni tədbirlər və təcrübə mübadilələri müxtəlif şəhərlərdə təhsil alan gəncləri bir araya gətirir. Sauthempton Universitetində də Azərbaycan cəmiyyəti fəaliyyət göstərir. Bu imkanlardan istifadə edərək tələbələr arasında ünsiyyəti və birgə təşəbbüsləri genişləndirmək olar. Bugünkü paneldə çıxışım zamanı da qeyd etdiyim kimi, elmi müzakirələr, karyera görüşləri, mentorluq proqramları və mədəni tədbirlər belə əməkdaşlığın konkret formaları ola bilər. Xüsusilə təcrübəli tələbələrin yeni gələnlərə dəstəyi və müxtəlif universitetlərdəki Azərbaycan cəmiyyətlərinin birgə tədbirləri əlaqələrin davamlı olmasına kömək edə bilər.

-Xaricdə Azərbaycanı təmsil edən gənc tədqiqatçı kimi ölkəmiz haqqında hansı təsəvvürlərlə qarşılaşırsınız? Azərbaycanı beynəlxalq akademik mühitdə tanıtmaq üçün hansı imkanlar mövcuddur?
- Beynəlxalq akademik mühitdə Azərbaycan haqqında məlumatlılıq müxtəlifdir. Buna görə ölkəmiz barədə danışarkən konkret nümunələrə və elmi mənbələrə əsaslanmağı vacib hesab edirəm. Mənim tədqiqatım Azərbaycan xalçaları vasitəsilə sənətkarlıq ənənələrimizi, qadınların bu irsin yaşadılmasındakı rolunu və mədəni irs diplomatiyasını müzakirəyə çıxarmağa imkan verir. Bu baxımdan Azərbaycan mövzularında ingilisdilli elmi məqalələrin hazırlanması, konfranslarda təqdimatlar və xarici universitetlərlə birgə tədqiqatlar konkret imkanlardır. Muzeylərlə əməkdaşlıq çərçivəsində xalçaların Azərbaycan mənşəyini, tarixini və sənətkarların əməyini izah edən mühazirə və sərgi materialları da hazırlamaq olar. Belə işlər ölkəmiz haqqında məlumatın həm akademik ədəbiyyatda, həm də geniş auditoriya qarşısında daha dolğun təqdim olunmasına xidmət edə bilər.
-Böyük Britaniyada təhsil almaq və elmi tədqiqatla məşğul olmaq istəyən azərbaycanlı gənclərə hansı tövsiyələri verərdiniz?
- İlk növbədə, hansı sahədə ixtisaslaşmaq və hansı problemi araşdırmaq istədiklərini müəyyənləşdirsinlər. Universitet seçərkən onun nüfuzu ilə yanaşı, proqramın məzmununu, elmi rəhbərin araşdırmalarını və mövcud tədqiqat imkanlarını nəzərə alsınlar. Doktoranturaya müraciət edənlər potensial elmi rəhbərin məqalələri ilə tanış olub ona konkret tədqiqat ideyası ilə yazsınlar.

Hazırlığı erkən başlamaq vacibdir. Dil sertifikatı ilə kifayətlənməyib akademik yazı və tədqiqat metodları üzrə bacarıqlarını inkişaf etdirsinlər. Dövlət Proqramı və universitet təqaüdlərinin şərtlərini, müraciət tarixlərini rəsmi mənbələrdən yoxlasınlar. Motivasiya məktubunda ümumi ifadələr əvəzinə gördükləri işləri, seçdikləri proqramın məqsədlərinə uyğunluğunu və gələcək planlarını konkret göstərsinlər. Həmin universitetlərdə oxuyan azərbaycanlı tələbə və məzunlarla əlaqə saxlamaq da faydalıdır. Onların təcrübəsi təhsil və yaşayış barədə daha real təsəvvür yarada bilər. Uğursuz müraciət olduqda isə sənədlərini yenidən nəzərdən keçirib rəy alsınlar. Əsas məqsəd qəbul qazanmaqla yanaşı, seçdikləri təhsildən necə faydalanacaqlarını və qazandıqları bilikləri Azərbaycanda necə tətbiq edə biləcəklərini aydınlaşdırmaqdır.