


“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində bir qrup tələbə təltif edilib
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetində təşkil olunan tədbirdə əvvəlcə layihəyə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci ildən həyata keçirdiyi “Qızların Təhsilinə Dəstək” layihəsi ölkəmizin maarifçilik ənənələrinin müasir dövrdə davam etdirilməsinin uğurlu nümunələrindəndir.
“Hazırda BDU-da təhsil alan 67 tələbə “Qızların təhsilinə dəstək” layihəsindən yararlanır. Onların 19-u bu il yüksək qəbul balı ilə BDU-ya qəbul olunub. Bu, gənc qızların təhsilə böyük marağını, məqsədyönlülüyünü və yaradılan imkanlardan səmərəli istifadə etmək əzmini nümayiş etdirir",-deyə E. Babayev vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, qızların təhsil almasına dəstək olmaq, onların sosial imkanlarından asılı olmayaraq təhsil prosesində iştirakını təmin etmək cəmiyyətin ortaq məsuliyyətidir. “Qızların Təhsilinə Dəstək” layihəsi məhz bu məqsədlə yaranıb və illər ərzində ictimai həmrəyliyin, xeyirxahlığın və qadınların bir-birinə dəstəyinin uğurlu nümunəsinə çevrilib.
Komitə sədri qeyd edib ki, 2021-ci ildən layihənin daha sistemli və institusional şəkildə davam etdirilməsi istiqamətində işlərə başlanılıb. Təhsilin İnkişafı Fondunun ilk layihəsi kimi fəaliyyətini davam etdirən təşəbbüs illər ərzində əhəmiyyətli dərəcədə genişlənib. İlk mərhələdə 14 qızla başlayan layihənin iştirakçılarının sayı hazırda 730-a yaxınlaşıb.
"Bu rəqəm universitetlərdə təhsil alan qızların ümumi sayı ilə müqayisədə kiçik görünə bilər. Lakin layihənin əsas əhəmiyyəti əhatə etdiyi şəxslərin sayından daha çox, daşıdığı məqsəd və cəmiyyətə ünvanladığı çağırışla bağlıdır. İctimaiyyət bu çağırışa layiqli cavab verib, layihəyə qoşulanların sayı və dəstək imkanları ildən-ilə genişlənib. Bu il bizim üçün daha bir əlamətdar hadisə ilə yadda qaldı. Hənifə Məlikova-Zərdabinin adını daşıyan təqaüd təsis etdik və bu il 22 qız həmin təqaüdə layiq görüldü”, – deyə Bahar Muradova vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli layihənin qızların təhsil imkanlarının genişləndirilməsi, onların potensialının üzə çıxarılması və təhsildə bərabər imkanların təmin olunmasında oynadığı mühüm rola diqqət çəkib.
Tədbirin sonunda BDU-da təhsil alan Hənifə Məlikova-Zərdabi və Hacı Zeynalabdin Tağıyev adına təqaüd proqramlarının iştirakçılarına sertifikatlar təqdim olunub.
Fotoqraf - Orxan Kərimov