×
A
A
A
Sazlamalar

UNEC-in beynəlxalq gender jurnalının ikinci nömrəsi nəşr olunub

Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xanım Tədqiqatçılar Şurası tərəfindən təsis edilən beynəlxalq elmi jurnalın (“International Journal of Gender, Knowledge and Social Futures (IJGKSF)” ikinci nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, Cənubi Qafqazda gender tədqiqatlarının inkişafına həsr olunan jurnal qadınların elmi fəaliyyətinin təşviqi, gender bərabərliyi sahəsində elmi araşdırmaların genişləndirilməsi və beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsini hədəfləyir. 2026-cı il ərzində jurnala müxtəlif ölkələrdən 60-dan çox elmi məqalə təqdim olunub. Onlardan 10-u elmi qiymətləndirmə mərhələsindən keçərək jurnalın ikinci sayında dərc edilib. Yeni nömrədə Azərbaycan, Kanada, Fransa, Slovakiya, Şri-Lanka, Zimbabve, Malayziya və digər ölkələri təmsil edən tədqiqatçıların elmi məqalələri yer alıb. Araşdırmalar qadınların iqtisadi imkanlarının genişləndirilməsi, genderəsaslı əməkhaqqı bərabərsizliyi, qadın sahibkarlığı, əmək bazarında gender münasibətləri, miqrasiya, təhsil imkanları, psixoloji sağlamlıq, sosial inklüzivlik və süni intellekt vasitəsilə törədilən genderəsaslı zorakılıq kimi aktual mövzuları əhatə edir.
UNEC-in Open Journal Systems (OJS) platformasının təqdim olunan statistik göstəricilərinə əsasən, jurnalın məqalələrinə 5306 baxış və 3739 PDF yüklənməsi qeydə alınıb. Ümumilikdə 9045 baxış və yüklənmə jurnalın beynəlxalq elmi auditoriyada maraq doğurduğunu göstərir. Jurnalın fəaliyyəti UNEC-in beynəlxalq elmi nüfuzunun artırılmasına, gender tədqiqatlarının inkişafına və müxtəlif ölkələrdən olan alimlər arasında elmi əməkdaşlığın genişləndirilməsinə töhfə verir.

Elm və təhsil 2026-11-11 17:23:00