×
A
A
A
Sazlamalar

PMİ və “Azərikimya” birgə fəaliyyət planı hazırlayacaq

Bakı, 11 noyabr, AZƏRTAC
Sumqayıt Dövlət Universitetinin tabeliyində Polimer Materialları İnstitutu (PMİ) ilə “Azərikimya” İstehsalat Birliyi arasında elmi-texniki əməkdaşlığın inkişafı istiqamətində görüşlər keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
“Azərikimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli və müəssisənin nümayəndələri ilə onlayn görüşdə tərəflər arasında institutda aparılan tədqiqatların istehsalatın ehtiyaclarına uyğunlaşdırılması və birgə fəaliyyət imkanları müzakirə olunub. Daha sonra “Azərikimya” İstehsalat Birliyində müzakirələr davam edib. Görüş zamanı kimya sənayesinin aktual texnoloji ehtiyacları, elmi tədqiqatların bu ehtiyacların həllinə yönəldilməsi, yeni funksional birləşmələrin və polimer materialların sənayedə tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər arasında əməkdaşlıq istiqamətləri və gələcək birgə fəaliyyətin təşkili məsələləri müzakirə edilib. Keçirilən görüşlərin elmi-tədqiqat müəssisəsi ilə sənaye arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, elmi potensialın istehsalatın tələblərinə uyğun istiqamətləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Sonda tərəflər elm və sənaye arasında əlaqələrin möhkəmlənməsinin vacibliyini qeyd edərək birgə fəaliyyət planının hazırlanması və davamlı olaraq görüşlərin keçirilməsi barədə razılığa gəliblər.

Elm və təhsil 2026-11-11 17:06:00