×
A
A
A
Sazlamalar

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Bakı, 11 noyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşlara qarşı “Azparking” xidmətinin adından istifadə edilməklə yeni fişinq hücumlarının həyata keçirildiyini müəyyən edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, kiberdələduzlar xarici nömrələrdən istifadəçilərə “AZParking – Ödənilməmiş parkinq haqqı barədə bildiriş” başlığı altında saxta mesajlar göndərirlər. Mesajlarda balansın kifayət etməməsi və ya avtomatik ödənişin uğursuz olması bəhanə gətirilərək saxta parkinq tarixi və borc məbləği (məsələn, 0,7 manat) göstərilir.
İstifadəçiləri aldatmaq məqsədilə mesajlarda “rəsmi veb-sayt” adı altında saxta keçidlər yerləşdirilir. Həmin keçidlərə daxil olduqda “Azparking” platformasının eynilə təqlid edilmiş səhifəsi açılır. Burada istifadəçilərdən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, mobil telefon nömrəsi və bank kartı məlumatları tələb olunur. Nəticədə vətəndaşların kart məlumatları ələ keçirilir və pul vəsaitləri mənimsənilir.
MKA vətəndaşları belə hallara qarşı diqqətli olmağa çağırır və aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:
- Rəsmi bildirişlərin xarici ölkə kodlarına malik şəxsi və ya naməlum nömrələrdən göndərilmədiyini nəzərə alın.
- SMS və ya messencer vasitəsilə göndərilən, xüsusilə “.top”, “.xyz” və digər şübhəli domenlərə malik keçidlərə daxil olmayın.
- “Azparking” və dövlət ödəniş sistemlərinin rəsmi domen adlarını brauzerin ünvan sətrində yoxlayın.
- Saxta və ya şübhəli veb-səhifələrdə avtomobilin dövlət qeydiyyat nişanını, mobil nömrəni, bank kartının nömrəsini, bitmə tarixini, CVV/CVC kodunu və SMS-lə göndərilən təsdiqləmə kodlarını daxil etməyin.
- Parkinq borclarını yoxlamaq və ödənişləri həyata keçirmək üçün yalnız “Azparking” mobil tətbiqindən və ya dövlət ödəniş portallarından istifadə edin.

İqtisadiyyat 2026-11-11 17:00:00