×
A
A
A
Sazlamalar

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Buxarest, 11 noyabr, AZƏRTAC

Rumıniyanın Milli Avtomobil Nəqliyyatçıları İttifaqı (UNTRR) Azərbaycan üzərindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına yönəlmiş yeni beynəlxalq təşəbbüslər, logistika infrastrukturuna investisiyalar və Mərkəzi Asiya ilə Avropa arasında ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri barədə geniş məqalə yayımlayıb.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın nəqliyyat sektorunun aparıcı peşə təşkilatlarından olan UNTRR-in məlumatına görə, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 2026-cı il tədbirləri çərçivəsində iştirakçı dövlətlər multimodal nəqliyyat dəhlizlərinin modernləşdirilməsi istiqamətində yeni təşəbbüsləri təsdiqləyiblər.
BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) yaydığı məlumata əsasən, Bişkek Bəyannaməsi qəbul edilib və üç yeni regional layihənin maliyyələşdirilməsi təsdiqlənib. Strateji layihələrdən biri SPECA regionunun multimodal nəqliyyat dəhlizlərinin, o cümlədən Azərbaycan ərazisindən keçən Trans-Xəzər marşrutunun səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur.
Layihənin koordinasiyasını BMT-nin Avropa İqtisadi Komissiyası həyata keçirəcək. Onun icrasında BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) da iştirak edəcək.
Rumıniya nəşrində vurğulanır ki, Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Türkiyə və Avropa ilə birləşdirən Orta Dəhliz beynəlxalq ticarət üçün strateji alternativ marşrutlardan birinə çevrilir. Dəmir yolu, avtomobil və dəniz nəqliyyatını birləşdirən bu sistem yükdaşımaların coğrafiyasının genişləndirilməsinə, təchizat zəncirlərinin şaxələndirilməsinə və tranzit əməliyyatlarının daha səmərəli təşkilinə imkan yaradır.
UNTRR Dünya Bankının cari ilin sentyabrında dərc edilmiş hesabatına istinadla bildirir ki, Trans-Xəzər dəhlizinin infrastrukturu və logistika xidmətlərinə investisiyalar 2040-cı ilədək ticarət həcmlərinin üç dəfədən çox artmasına, yüklərin daşınma müddətinin isə iki dəfə azalmasına şərait yarada bilər.
Bununla belə, həmin məqsədlərə nail olunması dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsindən, sərhəd-keçid məntəqələrində mövcud maneələrin aradan qaldırılmasından və iştirakçı ölkələr arasında nəqliyyat prosedurlarının əlaqələndirilməsindən asılı olacaq.
Məqalədə Azərbaycanla bağlı diqqətçəkən məqamlardan biri beynəlxalq avtomobil daşımalarında elektron tranzit sistemlərinin tətbiqidir. Bildirilir ki, bu ilin iyulunda Azərbaycan, Türkmənistan, Özbəkistan və Tacikistanın gömrük orqanları eTIR prosedurundan istifadə etməklə altı nəqliyyat əməliyyatı həyata keçiriblər. Həmin əməliyyatlardan beşi Xəzər dənizindən keçidi də əhatə edib.
Əməliyyatlardan biri 1200 kilometrdən artıq məsafəni əhatə edərək avtomobil və dəniz nəqliyyatını vahid elektron tranzit proseduru çərçivəsində birləşdirib.
UNTRR qeyd edir ki, eTIR sistemi gömrük məlumatlarının və zəmanətlərlə bağlı informasiyanın elektron mübadiləsini təmin etməklə sənədləşmə prosesini sadələşdirir, inzibati səhvlərin azalmasına və sərhədlərdə gözləmə müddətinin qısaldılmasına kömək edir. Xəzər dənizindən keçən sınaq əməliyyatları bu texnologiyanın multimodal daşımalar üçün də tətbiq imkanlarını nümayiş etdirir.
Rumıniya nəqliyyatçıları Orta Dəhlizin inkişafını Avropa, Türkiyə və Yaxın Şərq arasında formalaşan yeni logistika əlaqələri kontekstində də qiymətləndirirlər. Məqalədə Türkiyənin həm Mərkəzi Asiyaya çıxış təmin edən Trans-Xəzər marşrutunda, həm də İraq, Suriya və Körfəz ölkələri istiqamətində beynəlxalq avtomobil daşımalarında mühüm əlaqələndirici rol oynadığı bildirilir.
Nəşrin məlumatına görə, 2025-ci ilin aprelində İraqda TIR sisteminin tətbiqinə başlanılıb, həmin ilin dekabrında isə Türkiyədən Suriya üzərindən Körfəz ölkələrinə beynəlxalq TIR daşımaları rəsmi olaraq bərpa edilib.
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) məlumatlarına istinadla bildirilir ki, 2026-cı ilin sentyabrınadək İraq marşrutunda 5 mindən çox, Suriya dəhlizində isə daşımaların bərpasından sonra 5 mindən artıq TIR karnetindən istifadə olunub. İraq üzərindən keçirilmiş sınaq daşımaları Türkiyənin Qaziantep şəhərindən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada dörd gün ərzində yük çatdırılmasının mümkünlüyünü göstərib.
UNTRR vurğulayır ki, bu marşrutlar SPECA-nın multimodal layihəsinin birbaşa tərkib hissəsi olmasa da, onların paralel inkişafı Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında daha geniş nəqliyyat şəbəkəsinin formalaşmasına kömək edə bilər.
Rumıniya təşkilatı Trans-Xəzər dəhlizinin inkişafının Avropa İttifaqının nəqliyyat sektoru üçün də yeni imkanlar yaratdığını bildirir. Xüsusilə Rumıniya və Bolqarıstan Qara dəniz üzərindən dəniz əlaqələri və Türkiyədən keçən quru marşrutları vasitəsilə Orta Dəhlizin Avropa İttifaqı bazarına mümkün giriş nöqtələri kimi nəzərdən keçirilir.
Məqalədə qeyd olunur ki, belə əlaqələrin genişləndirilməsi beynəlxalq avtomobil daşımalarına, logistika xidmətlərinə, multimodal nəqliyyat əməliyyatlarına və regional paylama mərkəzlərinə tələbatın artmasına şərait yarada bilər.
Bununla yanaşı, Rumıniya nəqliyyatçıları mövcud imkanların reallaşdırılması üçün nəqliyyat icazələrinin, gömrük prosedurlarının, infrastrukturun buraxılış qabiliyyətinin və tranzit müddətlərinin proqnozlaşdırıla bilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayırlar.
UNTRR-in qiymətləndirməsinə görə, Bişkekdə təsdiqlənmiş layihələrin əhəmiyyəti yalnız yeni infrastrukturun yaradılması ilə məhdudlaşmır. Əsas məqsəd mövcud nəqliyyat marşrutlarını daha səmərəli, çevik və beynəlxalq ticarət zəncirlərinə inteqrasiya olunmuş sistemə çevirməkdir.
Beləliklə, Rumıniyanın nəqliyyat sektorunda Azərbaycan üzərindən keçən Orta Dəhlizə artan diqqət bu marşrutun yalnız Asiya ilə Avropa arasında tranzit bağlantısı deyil, həm də daha geniş regional logistika şəbəkəsinin mühüm hissəsi kimi qiymətləndirildiyini göstərir.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

İqtisadiyyat 2026-11-11 16:47:00