


AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “Avropa və Mərkəzi Asiyada Radiasiya Metrologiyasının Gücləndirilməsi” texniki əməkdaşlığa dair regional layihəsində iştirak imkanı əldə edib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən layihə Avropa və Mərkəzi Asiya regionunda radiasiya metrologiyasının inkişafı, milli ölçmə imkanlarının artırılması, o cümlədən sahəvi mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyətləri əhatə edir.
Layihə çərçivəsində ionlaşdırıcı şüalanmanın ölçülməsi və dozimetriya istiqamətləri ilə bağlı təlimlərin və texniki tədbirlərin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikası 2009-cu ildən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Müdirlər Şurasının üzvüdür. Azərbaycan Metrologiya İnstitutunun AEBA ilə əməkdaşlığı radiasiya metrologiyası və dozimetriya sahəsində layihələrin icrasını, etalon laboratoriyalarının yaradılmasını, milli ölçmə imkanlarının inkişafını, beynəlxalq təcrübə mübadiləsini və mütəxəssis hazırlığını əhatə edir.