


Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır
Pekin, 11 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında növbəti görüşün baştutma ehtimalı Birləşmiş Ştatlarda keçirilən aralıq seçkilərdən sonra artıb.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, bu fikri Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) Koreya üzrə proqram rəhbəri Viktor Ça ABŞ Prezidentinin Asiyaya planlaşdırılan səfəri zamanı müzakirə oluna biləcək məsələlər və görüşlərlə bağlı keçirilən brifinqdə bildirib. O düşünür ki, respublikaçıların aralıq seçkilərində uğradığı ciddi məğlubiyyətdən sonra Kim Çen In Donald Trampı danışıqlarda daha zəif tərəf kimi görür.
Ekspertin fikrincə, rəsmi Pxenyan Trampla növbəti görüşü nəzərdən keçirməzdən əvvəl aralıq seçkilərinin nəticələrini gözləyib. Onlar Trampın seçkilərdən sonra daha zəif siyasi mövqedə olacağını ehtimal edirdilər. "Onlar Trampı daha zəif, başqa sözlə, daha həssas və danışıqlarda daha asan hədəf kimi görürlər", - deyə Viktor Ça bildirib.
Ekspert əlavə edib ki, Şimali Koreya Vaşinqtonun gözlənilməz addımlar atmasının qarşısını almaq üçün Donald Trampla əlaqəni saxlamaq istəyə bilər. O, bu məqamı izah edərkən Prezidentin İran və Venesuelaya qarşı yanaşmasını misal çəkib. Tramp aralarındakı "yaxşı" şəxsi münasibətlərə istinad edərək, Kim Çen Inla yenidən təmas qurmaqda maraqlı olduğunu dəfələrlə dilə gətirib. Bu isə Prezidentin bu ay Çinə planlaşdırılan səfəri zamanı mümkün bir görüşlə bağlı ehtimalları gücləndirir.
Qeyd edək ki, Donald Tramp ilk prezidentlik müddətində Şimali Koreya lideri Kim Çen Inla 3 dəfə görüşüb. Birinci görüş 2018-ci ilin iyununda Sinqapurda, ikincisi 2019-cu ilin fevralında Hanoyda, üçüncüsü isə həmin ilin iyununda koreyalararası sərhəddə yerləşən Panmuncom kəndində baş tutub.