×
A
A
A
Sazlamalar

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Moskva, 11 noyabr, AZƏRTAC

Rusiya və Ukrayna Əbu-Dabidə ABŞ ilə üçtərəfli danışıqlardan sonra hərbi əsirlərin genişmiqyaslı mübadiləsi barədə razılığa gəliblər. Bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri və Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib. O, mübadilə parametrlərinin tezliklə açıqlanacağını bildirib.
AZƏRTAC xəbər verir ki, Medinski danışıqlardan sonra keçirilən mətbuat konfransında Ukraynadakı münaqişənin bitməsindən sonra Avropa təhlükəsizlik sisteminin gələcəyini danışıqların əsas mövzusu kimi müəyyən edib. O, münaqişənin mövcud sistemin səmərəsiz olduğunu göstərdiyini bildirib. RF Prezidentinin köməkçisi əlavə edib ki, yeni sistem bütün ölkələrin maraqlarını nəzərə almalıdır.
Medinski bildirib ki, Amerika tərəfinin iştirakı ilə nümayəndə heyətləri mövqelərini bölüşüb və bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə ediblər. O, müzakirələrin davam edəcəyini deyib. Jurnalistlərin suallarını cavablandıran RF Prezidentinin köməkçisi qeyd edib ki, danışıqların təfərrüatları yekun razılaşmalar əldə edildikdən sonra açıqlanacaq.
Rusiya nümayəndə heyətinin rəhbəri, həmçinin Əbu-Dabidəki Avropa nümayəndələri ilə heç bir əlaqələrinin olmadığını bildirib. O, görüşü təşkil etdiklərinə görə BƏƏ rəhbərliyinə və danışıqlar zamanı gördükləri işə görə ABŞ Prezidenti Donald Trampın elçilərinə təşəkkür edib.
Üçtərəfli danışıqlar 10 və 11 noyabr tarixlərində BƏƏ-nin paytaxtında baş tutub. İkinci gün keçirilən görüş iki saatdan bir qədər az davam edib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2026-11-11 16:33:00