


Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb
Bakı, 11 noyabr, AZƏRTAC
Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin şeirləri, nəsr əsərləri, poemaları, tərcümələri, tərtibçisi, rəyçisi, “Ön söz”ünün müəllifi və redaktoru olduğu nəşrlər, həmçinin həyat və yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Şairin “Fədailər marşı”, “Təbrizin baharı”, “Azərbaycan”, “Aşıq Hüseynə cavab” və s. şeirlərində vətən həsrəti ilə yanaşı, bütöv Azərbaycan arzusu, bu yolda mübarizə aparan xalqın istək və amalları öz əksini tapıb.
Əsərləri ingilis, rus, fars, özbək, fransız, gürcü, Ukrayna və latış dillərinə tərcümə olunub. Çoxcildlik “Azərbaycan ədəbiyyatı”nın müəlliflərindən biridir. Fars dilindən Nizaminin “Yeddi gözəl” poemasını, Füzulinin qəzəllərini, Şəhriyarın şeirlərini tərcümə edib.