


ADPU-da Konstitusiya Günü qeyd olunub
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Magistratura və doktorantura şöbəsi və Fəlsəfə və sosial elmlər kafedrasının birgə təşkilatçılığı ilə 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Tədbirdə Magistratura və doktorantura şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov xatırladıb ki, 1991-ci ildə müstəqilliyimizi bərpa etsək də, məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik bərpa olunub, hüquqi islahatların əsası qoyulub. Bu yolda tarixi addımlardan biri kimi 1995-ci ilin noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsini göstərmək olar. Qəbul edilmiş bu ali sənəd Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və vətəndaş hüquqlarının təminatçısı olub.
Sonra universitetin Hüquq şöbəsinin baş hüquqşünası, Fəlsəfə və sosial elmlər kafedrasının baş müəllimi Zakir Nağıyev “Azərbaycan Konstitusiyasında əsas insan və vətəndaş hüquqları, azadlıqları və vəzifələri” mövzusunda məruzə il çıxış edib. Məruzədə Konstitusiyanın referendum yolu ilə qəbulunun yaratdığı imkanlar, orada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları, eləcə də əsas vəzifələr ətraflı şəkildə şərh edilib.
Kafedranın baş müəllimi tarix üzrə fəlsəfə doktoru Cəfər Cəfərov “Konstitusiyaya əsasən Azərbaycanda hüquqi islahatların keçirilməsi” mövzusunda çıxış edərək sosial-siyasi həyatın müxtəlif sahələrində aparılan hüquqi islahatların mahiyyəti və əldə olunan uğurlardan danışıb.
Kafedranın baş müəllimi sosiologiya üzrə fəlsəfə doktoru Vüsal Abdullayev “Konstitusiyanın sosialyönümlülüyü” mövzusundakı məruzəsində sosial sahənin əsas elementlərindən olan sosial təminat fondları, sosial xidmətlər sahəsindəki inkişafdan bəhs edib.
Təhsil nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə I tədris ili magistrantı Lamiyə Alıcanova “Uşaq hüquqları və təhsildə bərabərlik” mövzusunda çıxış edib.
Sonda Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasında və tətbiq edilməsində Ulu Öndər Heydər Əliyevin rolundan, Vətən müharibəsinin tarixi Qələbəmizlə nəticələnməsində ali qanunun yaratdığı hüquqi imkanlardan bəhs edən “12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya günüdür” mövzusunda videoçarx nümayiş olunub.