


Gənc tədqiqatçılar beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılıb
Bakı, 11 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Web of Science”, “Scopus” və “Google Scholar” elmmetrik bazaları: əhatə dairəsi, əsas fərqlər və effektiv axtarış strategiyasının qurulması” adlı elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov məruzə ilə çıxış edib. Məruzə zamanı “Web of Science”, “Scopus”, “Google Scholar” kimi elmmetrik bazalar, əsas fərqləri, effektiv axtarış strategiyasının qurulması, platformaların xüsusiyyətləri və quruluşu, reytinq göstəricilərinin ölçmə meyarları, bu bazalarda süni intellektin tətbiqi kimi mühüm məlumatlar diqqətə çatdırılıb.
Professor İbrahim Məmmədov doktorantların dissertasiya mövzuları üzrə elmi ədəbiyyat axtarışlarının həyata keçirilməsi, mövzuların elmi aktuallığının və yeniliyinin müəyyən edilməsi, yüksək reytinqli və “yırtıcı” jurnallar, indekslənən konfranslar barədə də məlumat verib. Beynəlxalq elmmetrik bazalardan istifadə internet üzərindən canlı olaraq doktorantların nəzərinə çatdırılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.