


Azərbaycan dilçiliyinin və lüğətçiliyinin yorulmaz tədqiqatçısı - professor İsmayıl Məmmədli
Bakı, 11 noyabr, AZƏRTAC
Filologiya elmləri doktoru, professor İsmayıl Oruc oğlu Məmmədlinin 80 illik yubileyi onun Azərbaycan dilçiliyinin inkişafına, lüğətçilik və etnolinqvistika sahələrinə verdiyi töhfələri, ana dilinin zənginliklərinin öyrənilməsi istiqamətində uzunillik fəaliyyətini bir daha diqqətə çatdırır.
AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərova bildirib ki, professor İsmayıl Məmmədlinin elmi fəaliyyətinin mühüm istiqamətlərindən birini Azərbaycan dilinin etnoqrafik leksikasının tədqiqi təşkil edir. Alimin bu sahədə apardığı araşdırmalar xalqımızın məişəti, təsərrüfat həyatı, adət-ənənələri və dünyagörüşü ilə bağlı zəngin dil materiallarının öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun “Azərbaycan dilinin etnoqrafik leksikası” mövzusunda doktorluq tədqiqatı dil faktlarının xalqın mədəni yaddaşı ilə qarşılıqlı əlaqədə araşdırılmasının vacibliyini nümayiş etdirir. Onun sözlərinə görə, alimin leksikologiya, nitq mədəniyyəti və lüğətçilik sahələrindəki əsərləri Azərbaycan dilinin söz sərvətinin toplanması, izahı və gələcək nəsillərə çatdırılması baxımından dəyərlidir. Professor İsmayıl Məmmədli “Azərbaycan dilinin izahlı lüğəti” və “Azərbaycan dilinin orfoqrafiya lüğəti” kimi fundamental kollektiv leksikoqrafik nəşrlərin hazırlanmasında da iştirak edib. Onun “Ekran, efir və dilimiz” əsəri isə ana dilinin ictimai informasiya məkanında düzgün işlənməsi məsələlərinə həssas münasibətinin göstəricisidir. Dosent qeyd edib ki, professor İsmayıl Məmmədli onun elmi fəaliyyətində də xüsusi yer tutur. Belə ki, alim filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasının elmi rəhbəri olub. “Azərbaycan filoloji lüğətlərində ümumişlək olmayan sözlərin verilməsi” mövzusunda apardığı tədqiqat zamanı İsmayıl Məmmədlinin elmi rəhbərliyi onun tədqiqat məsuliyyətinin və elmi yanaşmasının formalaşmasında mühüm rol oynayıb. “Dissertasiya üzərində işlədiyim illərdə sözün lüğətdə təqdimatı, izahın mənbə ilə əlaqəsi və leksikoqrafik qərarların elmi əsaslandırılması ilə bağlı müəllimimdən çox şey öyrənmişəm. Elmi rəhbərlik yalnız tədqiqat işinin tamamlanmasına yardım deyil, həm də gənc tədqiqatçıda elmə və öz əməyinə qarşı tələbkarlıq formalaşdırmaqdır”.
O əlavə edib ki, İsmayıl Məmmədli ilə elmi əməkdaşlığı dissertasiya müdafiəsindən sonra da davam edib. “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” üzərində birgə iş zamanı professor elmi redaktor, Xədicə Heydərova isə məsul redaktor kimi fəaliyyət göstərib. Bu əməkdaşlıq onun üçün lüğətçilik sahəsində dəyərli təcrübə olub. Professor İsmayıl Məmmədlinin Azərbaycan dilçiliyinə xidmətləri yalnız elmi əsərləri ilə məhdudlaşmır. Onun pedaqoji fəaliyyəti, yetişdirdiyi elmi kadrlar və gənc tədqiqatçılara göstərdiyi diqqət də alimin zəngin elmi irsinin mühüm tərkib hissəsidir. “İllər keçdikcə müəllimimin əməyə, elmi dəqiqliyə və sözün düzgün izahına verdiyi əhəmiyyəti daha dərindən anlayıram. Onun yetişdirdiyi tələbələrin və birgə çalışdığı həmkarların fəaliyyətində elmi ənənələri yaşayır. Mən İsmayıl müəllimə həm görkəmli dilçi alim, həm də öz elmi yolumda mühüm yeri olan müəllim kimi böyük ehtiram bəsləyirəm”, – deyə dosent bildirib.