


Azərbaycan İdman Akademiyası “QS Stars” auditində 5 ulduza layiq görülüb
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan İdman Akademiyası (ASA) dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən keçirilən “QS Stars” beynəlxalq audit qiymətləndirməsində ən yüksək nəticə - 5 ulduz (“mükəmməl”) qazanıb.
Bu barədə AZƏRTAC-a Akademiyadan bildirilib. Qeyd olunub ki, audit çərçivəsində Akademiya 9 kateqoriya üzrə qiymətləndirilib. Onlardan 5-i üzrə 5 ulduz, digər 4-ü üzrə isə 4 ulduz (“çox yaxşı”) nəticəsi əldə olunub. ASA tədris, infrastruktur, məzunların məşğulluğu, müxtəliflik və inklüzivlik, eləcə də səmərəli idarəetmə kateqoriyaları üzrə ən yüksək nəticə göstərib.
Azərbaycan İdman Akademiyası dünyada bu nəticəyə nail olan ilk idman profilli ali təhsil müəssisəsidir. Bu nailiyyət Azərbaycanda idman təhsilinin beynəlxalq səviyyədə tanınması, Akademiyanın qlobal ali təhsil məkanında mövqeyinin möhkəmlənməsi və beynəlxalq keyfiyyət standartlarına uyğun inkişafının göstəricisidir.
“QS Stars” ali təhsil müəssisələrinin fəaliyyətini müxtəlif meyarlar üzrə qiymətləndirən beynəlxalq sistemdir. Qiymətləndirmə universitetlərin güclü tərəflərinin və inkişaf imkanlarının müəyyənləşdirilməsinə, eləcə də onların beynəlxalq səviyyədə tanınmasına xidmət edir.